Dünya ölkələri müxtəlif təbii sərvətlərə malikdir. Qədim zamanlardan günümüzə qədər insanlar üçün əhəmiyyətini saxlayan bu sərvətlərdən biri də neftdir. Uğrunda müharibələr aparılan, qanlar tökülən neft aid olduğu bəzi ölkələrin taleyini öz rəngi kimi qaraltsa da, bəzilərinin taleyində günəş kimi parlamışdır. Buna səbəb neftə hakim olanın qalib olacağını bilən guclü dövlətlərin ərazilərində, neft ölkələrində söz sahibi olmaq üçün planlar qurmaları, rəqabət aparmaları idi. Rəqabətlərin kəskinləşməsi nəticəsində baş verən I Dünya müharibəsində ordunun sürətli hərəkət etməsi üçün lazım olan neft öz əhəmiyyətini daha da artırdı. Çünki bu müharibədə qalib gəlmək üçün donanmanın daş kömürlə yox, neftlə işləməsi, qoşunun daha tez yerdəyişməsi, hərəkət etməsi üçün vacib idi. Bütün bunlara görə idi ki, dünya şöhrətli Çörçill deyirdi: “Bir damla neft bir damla qandan daha dəyərlidir”. Bu ifadə neftin insanlar üçün, ölkələr üçün, imperiyalar üçün nə qədər əhəmiyyətli olduğunu göstərirdi.
Alternativ enerjilərin əldə edilməsinə baxmayaraq neft öz əhəmiyyəti ilə qədim zamanlardan indiyə qədər tarix yazır. Yazılan bu tarixdə insanlar üçün həmişə maraqlı ola biləcək kifayət qədər faktlar vardır; məsələn, hələ XIX əsrin sonu – XX əsrin əvvəllərində neftə sahib şirkətlərin rəqabəti, bu rəqabət nəticəsində baş verən çevrilişlər, müharibələr və s. Bu tarixi məlumatlara nəzər saldıqda bir fakt Azərbaycan və ya türk insanını daha çox düşündürür və insan özünə sual verir: necə olur ki, Osmanlı vətəndaşı olan bir erməni Mosul–Kərkük neftinin yalnız 5%-nə sahib olmaqla dünyada ən varlı şəxslərdən birinə çevrilir? Ən dəhşətlisi isə odur ki, bu şəxs neft sayəsində əldə etdiyi var-dövlətlə Osmanlı ərazisindən, Qafqazdan, Şərqdən və dünyanın başqa yerlərindən qiymətli kitabları, nadir əlyazmaları, xalçaları, rəsm əsərlərini, çini qabları və başqa maddi-mədəni inciləri əldə etməklə öz şəxsi kolleksiyasını zənginləşdirir, ona və millətinə aid olmayanları özününküləşdirir. Bundan əlavə, Üsküdarda doğulub böyüyən bu erməni müsəlman torpaqlarından qazandığı pullar vasitəsilə dünyada “erməni soyqırımı”nın tanınmasına və erməni diasporunun güclənməsinə köməklik edir.
“Neft qoxusu” gələn yerlərdə gücünü aid olduqları dövlətlərdən alaraq amansız rəqabət aparan şirkətlər arasında öz hiyləgərliyi ilə vasitəçilik edərək milyardlarla sərvət toplayan bu erməni Qalust Sarkisoviç Gülbenkyandır. Varlı erməni ailəsində anadan olan Qalust Türkiyədə böyüyüb boya-başa çatdıqdan sonra Londonda Kral Kolleci Universitetində mədən mühəndisliyi ixtisası üzrə təhsil almışdır. Hələ gənc yaşlarından neftlə maraqlanan bu erməni Bakıya gəlmiş və neft quyularında bəzi tədqiqatlar aparmışdır. Qeyd edək ki, həmin dövrdə dünyada yalnız üç yerdə – ABŞ, Rumıniya və Azərbaycanda neft çıxarılırdı. Qalust Gülbenkyan apardığı tədqiqatlar nəticəsində “Qafqaz və Abşeron yarımadası” adlı kitab yazmışdır. O, məşhur neft şirkətlərinin diqqətini çəkmək üçün yazdığı bu kitabdan bəzi məqalələri “Yeni enerji qaynağı: neft” başlığı altında Avropa qəzetlərində çap etdirmişdir. Düzdür, bu məqalələr və neft haqqında yazdığı yazılar Gülbenkyanı tanıtdırsa da, onun iri neft şirkətləri ilə əlaqələri Bakıda neft mədənləri olan erməni milyonçu Aleksandr Mantaşevlə Qahirədə tanışlığından başlayır. Qeyd etmək lazımdır ki, Mantaşev Bakı neftindən qazandığı pullarla 200-dən çox erməni uşağını adlı-sanlı Rusiya və Avropa universitetlərində oxutdururdu və bu tələbələrdən biri də Bakıda törətdiyi cinayətlərə görə məşhur olan Stepan Şaumyandır. Bundan başqa, Mantaşev 1904-cü ildə Bakı neftindən qazandığı pullarla Parisin mərkəzi küçələrinin birində erməni kilsəsi də tikdirmişdir.
Bakının neft maqnatlarından biri olan Mantaşev neftin gələcəkdəki əhəmiyyətini görən Gülbenkyanın həyatında mühüm rol oynadı. Belə ki, Mantaşev vasitəsilə o, Bakı neftinin “qoxusuna” toplaşan dünyanın iri şirkətlərinin nümayəndələri ilə tanış oldu və Bakıdakı bəzi neft sənayeçilərinin Londondakı təmsilçisinə çevrildi. Bu təmsilçilik sayəsində o, iri şirkətlərin nüfuzlu nümayəndələri ilə əlaqələrini genişləndirdi və məşhur Rotşildlərlə, “Royyal Datç-Şell” şirkətinin rəhbəri, “neft Napoleonu” adlandırılan Henri Deterdinqlə və digər tanınmış şəxslərlə münasibətlər qurdu.
1902-ci ildə İngiltərə vətəndaşlığını alan Qalust Bakı neftinin onun üçün yaratdığı imkanlardan maksimum istifadə edərək Osmanlı imperiyasına məxsus və neft olması ehtimal edilən ərazilərə can atmağa başladı. Əslində, onun bu barədə əvvəldən planları var idi. O, hələ Avropa qəzetlərində məqalələrini çap etdirdiyi zaman Osmanlı dövlətinin diqqətini cəlb etmiş və buna görə də imperiyanın hakim dairələrindən ona Osmanlı ərazisində olan neft yataqları haqqında hesabat hazırlamaq tapşırılmışdı. Həmin dövrdə güclü dövlətlər öz nümayəndələrini dünyanın hər tərəfinə göndərərək yeni neft yataqlarının axtarışında idilər. Bu axtarışlar nəticəsində o zaman Osmanlı ərazisi sayılan Mosul və Kərkükdə neft yataqlarının aşkar edilməsi güclü ölkələr arasında amansız rəqabətə səbəb olmuşdu. Həmçinin Almaniya, İngiltərə, Fransa və Rusiya kimi ölkələr bu ərazilərdə imtiyaz əldə etmək üçün müxtəlif yollarla zəiflədilməkdə olan Osmanlı dövlətinə təsir etməyə başlamışdı. Bunu görən Osmanlı sultanı II Əbdülhəmid Mosulun neft sahələrini “Padşahın mülkü” elan etdi. Sultanın bu əmri Almaniya və İngiltərəni məyus etdi və onların planlarının qarşısını aldı. Çünki “Padşahın mülkü” olduqdan sonra bu ərazilər alınıb-satıla bilməzdi.
Əslində, sultan II Əbdülhəmid ingilislərin və almanların Mosulun neft sahələrində imtiyaz əldə etmək istəklərini öyrənmiş və bundan istifadə etmişdi. Belə ki, o, Adana–Mersin dəmiryol xəttinin inşasının imtiyazını ingilislərə, Bağdad dəmir yolunun tikintisini isə almanlara verməklə onların rəqabətindən faydalanmışdır. Sultan II Əbdülhəmidin bu addımlarını görən və gücünü bilən Gülbenkyan neftlə bağlı bilgilərini və əlaqələrini genişləndirərək planlarını həyata keçirmək üçün əlverişli zamanı gözləyirdi. Onun üçün belə bir zaman 1908-ci ildə Osmanlıda İttihad və Tərəqqi Cəmiyyəti siyasi iqtidara gəldikdən sonra yarandı. Yeni qurulmuş hökumətin dövründə Gülbenkyanın əl-qolu açıldı və o, planlarını həyata keçirməyə başladı. Belə ki, Osmanlının Paris və Londondakı səfirliklərində maliyyə müşaviri vəzifəsini daşımaqla Osmanlı məmuru olan bu erməni bir az da irəli gedərək 1910-cu ildə ölkənin iqtisadi inkişafına təkan vermək üçün təsis edilən “Türkiyə Milli Bankı”na məsləhətçi təyin olundu. İngilis bankiri Kassel tərəfindən fransızlara qarşı qurulan bu bankda Osmanlı hökuməti hissə sahibi deyildi. Lakin bu bankın 30% hissələri Qalust Gülbenkyana məxsus idi və o, bankın məsləhətçisi kimi Osmanlıda neftlə bağlı məsələlərdə imtiyaz əldə etmək istəyən almanlarla danışıqlar aparırdı. Onu da qeyd edək ki, “Türkiyə Milli Bankı” almanlarla danışıqlar apararaq qurulacaq yeni neft şirkətində hissələri bölüşdürürdü. Gülbenkyan tərəfindən aparılan danışıqlar nəticəsində 1912-ci ildə “Türk Neft Şirkəti” meydana çıxdı. Osmanlı ərazisində neft çıxarmaq niyyəti ilə qurulan bu şirkətdə almanlara məxsus olan “Deutsche Bank” 25% , “Türkiyə Milli Bankı” 35%, ingilis-holland şirkəti “Royal Dutch-Shell” 25%, Gülbenkyan isə 15% hissəyə sahib idilər. Şirkət qurulduqdan sonra ortaqlar imtiyaz istəklərində israr etməyə başladılar.
Güclü ölkələrin Mosulun neft sahələrinə görə yenidən imtiyaz istəmələrinə səbəb “Padşahın mülkü” sayılan bu ərazilərin 1908-ci il iyulun 24-də Ticarət və Kənd Təsərrüfatı Nazirliyinin sərəncamına verilməsi idi. Həmin dövrdə Almaniya və İngiltərə Osmanlı hökumətinə daha sərt təzyiqlər göstərməyə başladı. İngilislər Mosulun neft sahələrinin imtiyazlarının onlara verilmədiyi təqdirdə türklər üçün hazırladıqları “Sultan Osman”, “Reşadiyye” və “Fateh” adlı milyonlarca dəyəri olan hərbi gəmiləri verməyəcəklərini bildirdilər. Bu addımları nəticəsində vəziyyəti gərginləşdirən İngiltərə ilə danışıqlar aparmaq üçün maliyyə naziri Cavid bəyin Londona səfəri qərara alındı. 1914-cü ilin mart ayında Londona gedən Cavid bəyin yanında bu oyunlarda özünü pərdə arxasında gizlədən və neft üzrə mütəxəssis kimi tanınan Qalust Gülbenkyan da var idi. Danışıqların davam etdiyi bir vaxtda Cavid bəy İstanbuldan teleqram aldı. Teleqramda sədrəzəm Sait Halim paşa Cavid bəyə bildirirdi ki, təcili olaraq ölkəyə qayıtsın. Buna səbəb hökumətin I Dünya müharibəsinin başlanması ilə əlaqədar fövqəladə iclas çağırması idi. Maliyyə naziri Cavid bəy teleqramı alan kimi danışıqları davam etdirməyi Gülbenkyana tapşırıb İstanbula qayıtdı. Osmanlı dövləti adından danışıqları aparan bu hiyləgər erməni çoxdan gözlədiyi fürsətin yetişdiyini görüb ingilislərin illər ərzində əldə etmək istədikləri Mosulun neft sahələrinin imtiyazını öz imzası ilə ingilislərə verdi. Bu hadisədən bir neçə gün sonra elə Londonda daha bir şirkət – “Anqlo-İran Neft Şirkəti” (“Anglo-Persian Oil Company” – indiki BP) də “Türk Neft Şirkəti”nə ortaq oldu. Yeni qurulan bu konsorsiumda Gülbenkyanın sahib olduğu 15%-lik hissə 5%-ə endirilməklə qalan hissələr “Anglo-Persian Oil Company”, “Royal Dutch-Shell” və “Deutsche Bank” arasında bölündü.
Adının “Türk Neft Şirkəti” olmasına baxmayaraq, Osmanlı dövlətinin heç bir payı olmayan bu şirkətdə Gülbenkyanın payı azaldılsa da, aralarında bağlanan müqaviləyə əsasən bu erməninin icazəsi olmadan konsorsiumda hissə sahibi olan şirkətlər Osmanlı ərazisində heç bir iş apara bilməzdilər. Müqavilə şərtinin belə olması və 5% hissəsinin saxlanılması Gülbenkyanın həmin şirkətlərə, onların aid olduqları dövlətlərə göstərdiyi xidmətin qarşılığı idi. 1914-cü ildə yeni qurulan bu konsorsium I Dünya müharibəsi səbəbindən öz işinə başlaya bilmədi.
I Dünya müharibəsi qurtardıqdan sonra Osmanlı imperiyası və Almaniyanın məğlub olması, ABŞ-ın isə daha da güclənərək meydana çıxması neftin bölüşdürülməsi şərtlərini dəyişdi. Bunun nəticəsi idi ki, Osmanlı torpaqlarının və Orta Şərqin neftinin bölüşdürülməsi 1920-ci ildə keçirilən “San-Remo” konfransının əsas mövzularından biri oldu. Belə ki, bu konfransda “Türk Neft Şirkəti”ndə Almaniyaya aid olan hissə Fransaya verildi. İraq, Fələstin və Mosulun ingilislərin, Suriya və Livanın isə fransızların nəzarətinə keçməsi qərarlaşdırıldı. Həmin dövrdə Osmanlı imperiyasının parçalanmasına baxmayaraq, Mosul məsələsi tərəflər arasında əsas müzakirə obyekti idi. Bu müzakirədə ingilislər Mosulun İraq torpaqlarına qatılmasını istəyir və bundan ötrü hətta lazım gələrsə, türklərlə müharibə edəcəklərini də deyirdilər. İngilis nümayəndələrinin belə danışmalarına səbəb Gülbenkyanın imzası ilə Mosulun neft sahələrinin imtiyazının ingilislərə verilməsi idi. Gərgin danışıqlardan sonra Mosul imtiyaz sənədini əllərində əsas tutan ingilislərin nəzarətində olan İraqa birləşdirildi. Bu bölgünün nəticəsindən aydın olurdu ki, müharibədən qalib çıxan ölkələrin əsas hədəfi neftə sahib olmaq idi. Elə bu səbəbdən bölgüdən kənarda qalmaq istəməyən ABŞ digər qalib ölkələrə təzyiqlərini artırmağa başladı və uzunsürən danışıqlar nəticəsində 1928-ci ildə “Türk Neft Şirkəti”ndən ABŞ-a da pay verildi. Yeni şirkətin 95% hissələri “Anglo-Persian Oil Company” (İngiltərə), “Royal Dutch-Shell” (İngiltərə-Hollandiya), “Companie Française” (Fransa) və “Near East Development” (ABŞ) arasında, hər birinə 23,75% olmaqla bölüşdürüldü. Qalan 5% isə yenə də Qalust Gülbenkyana verildi. Məhz elə buna görə də ona Qərbdə “cənab 5 faiz” deyilirdi.
Gülbenkyanın bütün sövdələşmələrdə pay əldə etməsinin əsas səbəbi güclü dövlətlər üçün işləməsi ilə yanaşı, həm də şirkətlər və hökumətlər haqqında əldə etdiyi məlumatlardan danışıqlarda vasitəçilik rolunu oynamaqla öz mənafeyi üçün istifadə etməsi idi. Buna misal olaraq demək olar ki, hələ 1912-ci ildə “Türk Neft Şirkəti”nin qurulması üçün iri şirkətlərin ortaq olmasında əsas rol oynayan Gülbenkyan 1928-ci ildə “Qırmızı xətt sazişi”nin danışıqlarında da həlledici rol oynamışdı. Belə ki, 1925-ci ildə yeni qurulan İraq hökumətinin ərazisi sayılan Mosul və Kərkükdə 1927-ci ildə ilk dəfə neftin fontan vurması dünya güclərini yenidən bir araya gətirmişdi və Gülbenkyanın keçmiş Osmanlı imperiyasının xəritəsi üzərində çəkdiyi “Qırmızı xətt” əsasında bu ərazidə olan böyük güclərin neft axtarışları üçün maraqlarını uzlaşdırmaq mümkün olmuşdu. Qeyd edək ki, Orta şərqdə neftin çıxarılmasından sonra “Türk Neft Şirkəti”nin sahibləri gələcəkdə türklərin şirkətdən pay istəmək ehtimalını sıfıra endirmələri üçün 1929-cu ildə şirkətin adını dəyişib “İraq Neft Şirkəti” qoymuşdular.
Beləliklə, Osmanlı vətəndaşı olan Qalust Gülbenkyan adlı bir erməni Orta Şərq neftində hissə sahibi olmaqla milyonlarca pul qazanaraq dünyanın ən varlı insanları sırasına daxil oldu. O, müsəlman neftindən qazandığı bu pullarla dünyanın hər yerindən çox sayda gözəl və nadir sənət əsərlərini müxtəlif yollarla ələ keçirdi. Belə yollardan biri də çevrilişlər, yaxud inqilablar baş verən ölkələrdə qarışıqlıqdan istifadə edərək ucuz satılan sənət əsərlərinin alınmasıdır. Belə ki, 1917-ci ildə bolşevik inqilabından sonra Gülbenkyan sovet ölkələrində olan muzeylərdən xeyli sayda eksponatlar toplamışdır. O, 6000-dən çox sənət əsərini öz kolleksiyasına yığaraq II Dünya müharibəsi ərəfəsində yaşamaq üçün getdiyi Portuqaliyanın Lissabon şəhərinə aparmışdır. Gülbenkyanın bütün bu kolleksiyaları hazırda ölümündən sonra adını daşıdığı muzeydə nümayiş etdirilir. Muzeydə Azərbaycan, İran, Türkiyə və Əfqanıstan xalçalarını, məmlüklərə aid qılıncları, Orta Asiya xalqlarına aid sənət əsərlərini, Səfəvilərə məxsus miniatürləri, xalçaları, kitabları və s. görmək mümkündür. Arxivinin qapısı tədqiqatçılara qapalı olan muzeydə Sədinin “Gülüstan” və “Bustan” əsərlərini, Hafizin 1540–41-ci illərə məxsus divanının orijinalını və s.-ni də görmək olar.
Anadoluda müstəqil erməni dövləti qurmaq üçün əlindən gələni edən Gülbenkyan dünyanın müxtəlif yerlərində yaşayan ermənilərin təşkilatlanması üçün London, Qüds, Lissabon, Beyrut kimi şəhərlərdə ofislər açaraq niyyətini həyata keçirməyə çalışmışdır. Bundan başqa, o, 1906-cı ildə dünya ermənilərinə kömək üçün Misirin Qahirə şəhərində qurulan “Ümumi Erməni Yardımlaşma Birliyi”nə də 1930–32-ci illərdə rəhbərlik etmişdir. Erməni kilsələrinin ermənilərin təşkilatlanmasındakı rolunu anlayan Gülbenkyan müsəlman neftindən qazandığı pulları kilsə yardımlarına xərcləmişdir. Belə ki, o, müxtəlif şəhərlərdə olan erməni kilsələrinə yardımlar etməklə yanaşı, valideynlərinin xatirəsinə Londonda “Sarkis” erməni kilsəsini də tikdirmişdir.
Gülbenkyan 1955-ci ildə Lissabonda öldükdən 1 il sonra vəsiyyətinə əsasən onun adını daşıyan fond təsis edilmişdir. Üzdə elm, təhsil, səhiyyə və mədəniyyət sahələrinə yardım göstərmək üçün qurulan və bu gün dünyanın ən iri fondlarından biri olan Qalust Gülbenkyan fondunda ayrıca erməni bölməsi vardır. İllik büdcəsi 4 milyon dollar olan bu bölmə erməni diasporuna, ermənilərin elm və təhsilinə kömək üçün qurulmuşdur.
Beləliklə, Osmanlı vətəndaşı olan bir erməniyə edilən etibar nəticəsində Mosul, Kərkük əldən getdi, minlərcə insanın qanı töküldü, müsəlman neftinin pulları ermənilərin kisələrinə axdı və bu pullar sayəsində əleyhimizə təşkilatlar quruldu, maddi-mədəni irsimizin nümunələri əlimizdən alındı və nəhayət, saxta erməni soyqırımı məsələsi dünya gündəminə gətirildi. Bütün bunlar bir etibarın ağır nəticələridir. Bəs bu itkiləri qaytarmaq, bu fəsadları aradan qaldırmaq üçün biz nə etməliyik?..
Kənan Şəbiyev