Xəbərlər

Azərbaycandan xaricə uçuşların sayı 20 % artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 38 ölkəyə 17 769 aviareys təşkil olunub.

“Füyuzat”ın məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyinin hesabatında bildirilib.

Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 ölkə (18,7 %) və 2 546 aviareys (20,4 %) çoxdur.

Hesabat dövründə Azərbaycandan ən çox Rusiyaya 5 134 reys təşkil olunub. Bu da 1 il əvvələ nisbətən 12,9 % çoxdur.

8 ay ərzində Rusiyadan sonra ən çox Azərbaycandan Türkiyəyə aviareys təşkil olunub. Bu ölkəyə 4 004 reys olub ki, bu da illik müqayisədə 5,5 % çoxdur.

İlk üçlüyə 2 034 reyslə (+31 %) Birləşmiş Ərəb Əmirlikləri daxil olub. Daha sonra, TOP-10-luğa Gürcüstan 1 353 (+ 33,1 %), Səudiyyə Ərəbistanı 617 (- 4,6 %) , Qazaxıstan 557 ( – 5,8 %), Hindistan 435 ( + 5,6 dəfə) , Qətər 399 (+ 64,1 %), Küveyt 297 (+ 24,7 %) və Özbəkistan 287 ( – 33,5 %) daxil olub.

Bu siyahıya bu il Hindistan daxil olaraq aviareyslərin sayına görə 7-ci yerdə qərarlaşıb, İsrail (279 aviareys, + 18,2 %) isə 11-ci yerə düşüb.

Təkcə avqust ayında isə Azərbaycandan xaricə təşkil olunan aviareyslərin sayı 19 % artaraq 2 841 təşkil edib. O cümlədən, ötən ay Rusiyaya 792 reys təşkil olunub ki, bu da ötən ilin avqust ayı ilə müqayisədə 21,1 % çoxdur.