“AzərEnerji” ASC Prezident İlham Əliyevin “Yaşıl enerji” mənbələrinin əhatəsinin genişləndirilməsi, 2030-cu ilədək enerjisistemdə bərpa olunan enerji mənbələrinin payının 30 %-ə çatdırılması ilə bağlı strategiyasına uyğun olaraq kompleks tədbirlər planının icrasına başlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə AzərEnerji Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.
2028-ci ilə qədər günəş və külək elektrik stansiyalarının gücünün 1 850 meqavata çatdırılması planlaşdırılır. Bu isə enerjisistemdə “yaşıl enerji” istehlakının ilin fəsillərinə uyğun olaraq bəzi hallarda 30-60 %-ə çatması deməkdir. Nəzərə alınsa ki, günəş, o cümlədən külək elektrk stansiyalarının istehsalı sırf təbii faktorlarla, yəni havanın günəşli və ya küləkli olub-olmamasıyla bağlıdır, onda 1 850 meqavat bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası zamanı dayanıqlığın və etibarlığın qorunması, ölkədə enerji istehsalı gücünün sabit saxlanılıb, tələbatın davamlı olaraq təmin edilməsi olduqca əhəmiyyətli məsələdir.
Məhz gələcəkdə enerjisistemdə kataklizmlərin yaranmaması üçün indidən “AzərEnerji” ABŞ və Türkiyə beynəlxalq texniki məsləhətçi şirkətlərinin təhlilləri əsasında 1 850 meqavat “yaşıl enerji”nin enerjisistemə inteqrasiyası ilə əlaqədar kompleks tədbirlər həyata keçirir. Ənənəvi elektrik stansiyalarının tənzimləmə sistemlərinin optimallaşdırılması ilə tezliyin avtomatik tənzimlənməsində iştirak üçün işlərlə yanaşı “Azərenerji”nin istifadə etdiyi SCADA sistemində yenilənmələr aparılır. Bu məqsədlə yerli mütəxəssislərin hazırlanması üçün xarici mütəxəssislər dəvət edilir, xüsusi kurslar təşkil olunur. Eyni zamanda “SİEMENS”, “General Electric”, “MİTSUBİSHİ”, “Wartsila” və “EMERSON” şirkətləri ilə birlikdə “Sumqayıt”, “Cənub”, “Şimal”, “Qobu” elektrik stansiyalarında tələb olunan tədbirlər icra edilir. WAMS/WACS tətbiqi ilə monitorinq və nəzarət sistemləri gücləndirilir.
Paralel olaraq “AzərEnerji” 250 meqavat gücündə batareya saxlanc sisteminin quraşdırılmasına dair texniki məsləhətçi şirkət üzrə beynəlxalq tender elan edib. Eyni zamanda bu günlərdə, SCADA və WAMS/WACS monitorinq və nəzarət sistemlərinin tətbiqi üzrə məsləhətçi xidmətlər və layihələndirməyə dair yeni beynəlxalq tender elan olunması nəzərdə tutulur.
Bütün bu tədbirlər 1 850 meqavat gücündə günəş və külək elektrik stansiyalarının enerjisistemə inteqrasiyasında xüsusi rol oynamaqla yanaşı, enerjisistemdə “yaşıl enerji” payının ən üst səviyyəyə çıxmasına əlavə töhvə verəcək və enerjisistemin dayanıqlığını və etibarlığını ən üst səviyyəyə çıxaracaq.