Qərənfil Dünyaminqızının “Füyuzat” ədəbi irsindən və irsin görkəmli nümayəndələrindən bəhs edən “Füyuzatçılar” kitabının imza günü keçiriləcək.
“Füyuzat”ın məlumatına görə, imza günü Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində baş tutacaq.
Kitabda müəllifin müxtəlif illərdə mətbuatda, əsasən, “Füyuzat” jurnalında dərc etdirdiyi elmi-publisistik məqalələrinin bir qismi toplanıb. Bu məqalələr milli şüur, milli özünüdərk amilinin təbliğində və demokratik dövlət, cəmiyyət quruculuğunda böyük rol oynayan “Füyuzat” ədəbi məktəbi nümayəndələrinin həyat və yaradıcılığına işıq tutur.
Kitab MİMTA Yayımları tərəfindən nəşr edilib və Əli bəy Hüseynzadənin 160 illik yubileyinə həsr olunub.
“Füyuzat” redaksiyası tərəfindən işlənib hazırlanan bu yazılar, həmçinin füyuzatçıların ədəbi-bədii irsinə, sovet dövründə onlara göstərilən qeyri-obyektiv münasibətə həsr edilib.
Qeyd edək ki, imza günü 6 oktyabr, saat 14:00-dan 17:00-dək MİMTA Yayımlarının stendində keçiriləcək.