Axtarış saytlarına baxdıqda dəniz – sualtı dağlar, okean cərəyanları və ya adalar qövsü ilə sərhədlənmiş su hövzəsi kimi izah olunur. Amma dənizin başqa mənaları da var…
Mənim üçün dəniz gözləməkdir. Atamın yolunu gözləmək, onun gətirəcəyi hədiyyənin həyəcanı ilə yaşamaq, hər telefon zəngində “bəlkə, gəlir” deyə ürəyimin sürətlə döyünməsidir.
Atam otuz ilə yaxındır ki, ömrünü dənizə həsr edib. Dəniz onun ikinci evidir. Bəzən evdə olduğu vaxtlarda belə yenidən ora qayıtmağa tələsir. Belə hallarda ürəyimdə heç vaxt susmayan həsrətin səsi ucalır. Mən o səsi uşaqlıqdan tanıyıram.
Dəniz dərindir. Elə insanlar kimi… Kənardan sakit görünür, amma daxilində neçə fırtına qopduğunu yalnız özü bilir. Ona görə mən də susaraq danışanları, sakit görünən, amma içində fırtına qopan insanları yaxşı tanıyıram. Atam hər dəfə evə gələndə ilk günlər bizə öyrəşməyə çalışardı, elə biz də ona. Onunla bağlı uşaqlıq xatirələrimi tez–tez yada salıram. Halbuki həmin xatirələr o qədər azdır ki…
Uşaq olanda anam mənə acıqlananda eyvana çıxar, ayaqlarımı dəmir barmaqlıqlardan sallayardım. Gözümü yoldan çəkmədən atamı gözləyərdim. Şəkil albomunu qucaqlayar, paqonlu şəklinə baxa–baxa ağlayardım. Lakin hələ dənizçi ilə əsgəri bir-birindən ayırd edə bilmədiyim vaxtlarda elə bilirdim ki, atam hərbi xidmətdədir. Hər dəfə eyni sözləri deyirdim:
“Ata, əsgərlikdən gəl də…”
Elə vaxtlar olurdu ki, atam bir il evə gəlmirdi. Kənardan baxılanda bir il uzun görünməyə bilər. “Göz açıb–yumana qədər keçər” deyirlər. Amma o “bir illər” içində mənim üçün neçə bayram, neçə ad günü, neçə məktəb tədbiri ötüb keçirdi. Nə Əlifba bayramımda, nə də doğum günlərimdə atam yanımda olurdu. Zaman keçdikcə bu sanki həyatımızın dəyişməz bir hissəsinə çevrilmişdi. Artıq uşaq deyiləm. İndi iyirmili yaşlarımı yaşasam da, həmin gözləmək hissi hələ də mənimlədir.
Atam dənizdən qayıdanda hər gün məni məktəbə özü aparardı. Yolüstü mütləq məktəb ləvazimatları mağazasına girər, xırda, amma mənim üçün dünyalar qədər qiymətli hədiyyələr alardı. Ən çox isə 20 qəpiklik günəbaxan tumu yadımda qalıb. Məktəbə çatana qədər tumları özü təmizləyər, ovucuma tökərdi. İndi düşünürəm ki, o tumların dadı heç vaxt yaddaşımdan silinməyəcək.
Məktəbdən çıxanda gözlərim həmişə atamı axtarardı. Onu görəndə elə bilirdim, bütün dünya mənimdir. Evə çatana qədər məktəbdə baş verən hər şeyi ona danışardım. Bəzən anam inciyərdi ki, niyə bütün söhbətlərimi ona yox, atama danışıram.
Atam futbolu çox sevirdi. Axşamlar birlikdə köhnə model televizorumuzda futbol izləyərdik. O televizordan gələn səs mənə qəribə bir rahatlıq verirdi. Atam evdə olanda ev də sanki başqa cür nəfəs alırdı. O, dənizə qayıdandan sonra isə nə futbol əvvəlki kimi maraqlı gəlirdi, nə də televizorun səsi. Uçuşları, adətən, gecə saatlarına düşərdi. Maraqlıdır ki, məhz həmin gecələr yuxum sanki daş kimi ağırlaşardı. Bəlkə də, oyanıb onun yenidən getdiyini görmək istəmirdim. Amma yenə də qalxar, nə vaxt qayıdacağını bilmədən onu möhkəm qucaqlayardım.
Atam hər dəfə “bu gün gəlirəm”, “sabah gəlirəm” deyirdi. Sonra yenə hansısa səbəbdən gəlişi təxirə salınırdı. Mən isə bilirdim ki, bu onun istəyi ilə olmur. Evə gəldiyi anlar yadımdadır. Qapının zəngi çalınanda ürəyim məndən əvvəl qaçardı. Çamadanından gələn qəribə bir qoxu vardı. O vaxt bunun dəniz qoxusu olduğunu bilmirdim. İndi anlayıram ki, o qoxunun içində həm dəniz vardı, həm də həsrət..
Dəniz mənə erkən böyüməyi öyrətdi. Gözləməyi, səbr etməyi öyrətdi. İçimdəki boşluğu danışmadan daşımağı öyrətdi. İndi kimsə məndən dənizin nə olduğunu soruşsa, xəritədəki su hövzəsini göstərmərəm. Dəniz mənim üçün yarımçıq qalan ad günləri, məktəb tədbirlərində atamın boş qalan yeri, gecə yarısı edilən vidalardır. Atam orada, mən isə bütün uşaqlığım boyu burada onun yolunu gözləyərdim, elə indi də gözləyirəm. Uşaqlıqdan tanıdığım o səs indi də qulağıma pıçıldayır:
Kaş dənizin dili olaydı, danışaydı…
Müəllif: Mədinə Məcidli



