Məfkurə

Mədəniyyət dövrü

Yaşadığımız əsrin bir inqilab və yenilənmə əsri olduğu məlumdur. Bütün bəşəriyyət təkamül qanunlarına tabe olaraq tərəqqi və inkişaf edir. Fərdi və ictimai həyat xüsusunda, təlim və tədris üsulu haqqında çox gözəl və yüksək fikirlər meydana qoyulur. Zatən bəşəriyyətin hazırkı halını və gələcəyini təmin edən bu təlim-tərbiyə üsulu çox əhəmiyyəti olan həyati bir məsələdir. İnsanlar bundan heç vaxt ehtiyacsız olmayıblar. Olanların halı da göz qabağındadır. Fəqət səadətə səbəb olacaq elm hansı elmdir, əcəba?

Bax elə məsələ də buradadır.

Hindistanın Ələkrəh vilayəti ali məktəbinin ən böyük müəllimlərindən olan hörmətli doktor Ziyaəddin Əhməd həzrətləri “əl-Müəyyəd” qəzetində elm və maarif xüsusunda bir xeyli söz demişdir. Biz də onun bəzi mühüm və diqqətçəkən cümlələrini oxucularımıza bildirmək istəyirik.

Yuxarıda adıçəkilən yazıda deyilir ki:

“Hazırkı mədəniyyət dövrü fəlsəfi xəyallar və xülyalar dövrü deyil. Bunu hər kəs anlamalıdır.

Əsrimiz faydalı elmlər və əməli fənlər əsridir. Hazırda bəşəri cəmiyyəti təşkil edən millət və xalqların ən böyüyü, ən əzəmətlisi mükəmməl və müntəzəm vəsaitə malik olanlarıdır. Mükəmməl vəsaitə malik olan millət şərəf sahibi olan bir millətdir. Çünki mükəmməl vasitələrə, səbəblərə malik olanlar alətlər və səbəblər sayəsində maddi elmləri, yəni fiziologiyanı asanlıqla təhsilə müvəffəq olurlar. Riyazi (dəqiq) elmləri mükəmməl surətdə öyrənir, təhsillərini tamam etdikdən sonra səy və qeyrətlərinin nəticəsində böyük sənətlər, alətlər, avadanlıqlar icad edərək ortaya qoyurlar”.

İnsanların ehtiyaclarını təmin edə biləcək vasitələri təhsil edən millət azad və bəxtiyar bir millətdir. Mədəni tərəqqisi ilə parlaq mövqe qazanan bir xalq ən qüdrətli xalqdır.

Yaşadığımız bu mədəniyyət dövründə yalnız elmi qaydaları, dilləri, xəyali fəlsəfəni oxumaqla bir millət tərəqqi və inkişaf nərdivanına qədəm qoya bilməz, bir addım olsun belə irəli gedə bilməz.

Bəlkə də, bir millətin tərəqqisi bu üç zəruri maddəni öyrənməyə bağlıdır:

1.Sənaye. 2.Ticarət. 3.Maarif.

Bugünkü gündə son dərəcə parlaq bir tərəqqiyə malik olan yapon milləti sözümün həqiqətə müvafiq olduğuna bir nümunə göstərilə bilər.

Bunlar hazırkı fənlərin əhəmiyyətli olduğunu anladıqları kimi, Tokioda olan ali və orta məktəblərini zamana müvafiq bir tərzdə tamamlamağa fövqəladə səy göstərib onların islahına müvəffəq oldular. İngiltərə, Fransa, Almaniya kimi mədəni ölkələrdən ləyaqətli və savadlı alimlər cəlb edərək sevgili ciyərparələrini bunların əllərinə tapşırdılar. Müəllimlik adlı müqəddəs bir vəzifəni onlara həvalə etdilər.

Bununla bərabər, bununla kifayətlənməyən bu maarif təşnələri bir tərəfdən də vətənin istedadlı tələbələrindən Avropaya təhsil almağa göndərməyə başladılar.

Yavaş-yavaş təhsillərini başa vuran vətən övladları Avropadan qayıdaraq məktəblərdə müəllimlik, xacəlik etməyə başladılar.

Get-gedə bu bəxtiyar millət öz tələbələri sayəsində Avropa alimlərinə də möhtac olmayaraq özləri öz məktəblərini gözəlcə idarə etməyə başladılar. Əcnəbilərin yerində öz vətənlərinin yetirmələri oturdu. Bugünkü gündə Tokio şəhərinin ali məktəblərində on beş nəfər savadlı, elm sahibi olan yapon filosofları iştirak edirlər. Bunlardan başqa, bir çox ədib və müəllimlər vətənlərinin yeniyetmə övladlarının təlim-tərbiyəsi ilə məşğul olurlar.

Həsəd o millətə kim aşiqi-həqiqətdir,
Xəyalı, fikri, məsaisi kəsbi-izzətdir.
Bilib ki, elmlədir şəni-növi-insani,
Cəhalət isə bəşərçin böyük fəlakətdir.

Hazırda yapon müəllimləriylə yanaşı çalışan Avropa alimlərinin sayı çox azdır.

Yapon müəllimləri Avropa universitetlərindən çıxdıqları üçün onların elmlərinin bütün mərtəbələrinə nail olan şəhadətnaməyə malikdirlər.

Şərq günəşinin övladları bununla da kifayətlənmir, elmlərinin məhdud qalmaması üçün hökumət tərəfindən hər il otuz-qırx tələbə Avropa və Amerikaya göndərilir. Təhsilə göndərilən vətən övladlarının xərclərini və maaşlarını təhsillərini başa vurana qədər hökumət verir ki, onlar təhsil və təlimlərini tamamlaya bilsinlər. Yapon millətinin izini təqib edərək Çin dövləti də hər il Avropa və Amerikaya yüz nəfər elm tələbəsi göndərməkdədir. Buna görə də Avropa və Amerikanın ali məktəblərinin hər bir şöbəsində nə qədər tələbənin yüksək səviyyədə təhsil almaları parlaq bir surətdə nəzərə çarpmaqdadır. Təhsillərini başa vurub vətəninə qayıdanlar ali məktəb və universitetlərə müəllim təyin olunmaqdadırlar.

Halbuki bu müəllimlər çox da maaş almayıb, yalnız özlərini idarə edəcək qədər maaşla kifayətlənirlər. İkram və ehtiramları isə fövqəladə böyükdür. Əhali yanında da olduqca əziz və yüksək mövqeyə sahibdirlər. Yaponların bu insani hərəkətləri həqiqətən təqdirəlayiqdir.

Məhəmməd Hadi,
“Füyuzat” məcmuəsi, №13, 1907