Köşə Yazıları Orxan Vəliyev

“Füyuzat”: dövlətsiz başlanğıc

Modern dünya yazmaq və oxumaq çərçivəsində inşa edilmişdir. Alman naşir Quttenberqin ilk kitab nəşri, ardınca London, Paris başda olmaqla Avropa şəhərlərində ortaya çıxan jurnallar yeni dünyanın kimliyinin inşasında həlledici rol oynamışdır. Məlum modern dünya kapitalizmin də dəstəyi ilə milli kompartmanlara bölünəcəkdi. Bu çərçivədə mətbuat milli kimliklərin inşasında həlledici bir məcra olaraq ortaya çıxmışdır.

Bir dünyanın inşası mövcud olanın sosial, siyasi, iqtisadi, hərbi nöqteyi-nəzərdən ortadan qaldırılmasını şərtləndirir. Bu isə öz növbəsində mövcud sistemin soylu siniflərinin statuslarını itirmə təhlükəsini və xaotik bir mübarizəni bərabərində gətirir. Misal üçün, ordusunu modernizasiya etmək istəyən Osmanlı dövləti yeniçərilərin dirənişini qırmaq üçün ən son çarəni ocağı top atəşinə tutmaqda görmüşdülər. Modern dünyanın inşası da müharibələr, inqilablar olmadan mümkün olmadı. Bu prosesin ortasında türklər Osmanlı və Səfəvi konteksində Balkan coğrafiyasından Qafqaza qədər qurduqları düzənin dekonstruksiyası ilə qarşı-qarşıya qaldılar. Belə ki, izləri bu gün də hiss edilən Karlovça (1699), Kiçik Qaynarca (1774), Kürəkçay (1805), Gülüstan (1813) və Türkmənçay (1828) anlaşmaları ilə qurduqları düzən və statusları ortadan qalxmış oldu. Beləliklə, türklər qurulan modern dünyaya XX əsrə qədər daxil ola bilmədilər. Səfəvilərin dağılması, xanlıqlar və ardınca parçalanma, müstəmləkə mərhələsini təcrübə edən Azərbaycan üçün bu proses daha ağrılı keçmişdir. Bu səbəblə modern Azərbaycan mətbuatının ortaya çıxması, milli kimliyin formalaşması sancılı olmuşdur. Məlum məsələdir ki, dövlət olmadan kollektiv fəaliyyətlərin ömrü də, müvəffəqiyyəti də qeyri-müəyyən olur.

Modern Azərbaycan mətbuatı “Əkinçi” qəzeti ilə başlamışdır. Lakin Azərbaycan milli kimliyinin intellektual, idoeloji başlanğıcı “Füyuzat” jurnalının 32 nömrəlik sütunlarında atılmışdır. Hər şeydən əvvəl “Füyuzat” modern bir təşəbbüs olaraq bütün türkləri bir yazı ətrafında birləşdirməyi hədəfləmişdir. Bununla bərabər, unutmamaq lazımdır ki, “Füyuzat” dövlətsiz bir şəraitdə ortaya çıxmışdır. Belə olan halda, romantik damğası anlaşılandır. Belə ki, başda Əli Bəy Hüseynzadə olmaqla füyuzatçıların təsirləndikləri Alman romantizmi də Yenada çox da uzun ömürlü olmayan fəaliyyətləri ilə nəinki Alman idealizmini, həm də Alman milli düşüncəsinin formalaşmasına təsir etmişdilər. Çünki romantiklər fransız aydınlanmasının universal narrativinə aldanmışların əks refleksidir. Almanlar ilkin olaraq fransız aydınlanmasının narrativinə inanmışdılar. Eyni ilə azərbaycanlılar da Axundzadə nəsli ilə bərabər modern Avropanın bərabərlik, universal dəyərlərinə inanmışdılar. Bu modernizasiya üçün son dərəcə əhəmiyyətli başlanğıc idi. Lakin romantiklər isə “Füyuzat” sütunlarında yatmış xalqlarını Məhəmməd Hadinin misralarıyla oyatmağa çalışırdılar. “Füyuzat”ın ən əhəmiyyətli məsələlərindən biri də məhz məzarı belə bilinməyən, ancaq dövlətsiz xalqı təmsil edən “oyan, oğlum” deyə car çəkən Məhəmməd Hadiləri var etməsidir.

“Füyuzat”ın baş mühərririnin ilk yazıdan elan etdiyi kimi, türk dili sadəcə Qafqazda danışılan şivəsini nəzərdə tutaraq ortaya çıxmamışdı. O, Krım da daxil olmaqla bütün Rusiya və Anadoluda yaşayan türkləri əhatə edəcək bir-birliyə vahid dil üzərindən işıq tutmağı özünə rəhbər tutmuşdu. Yazının başında deyildiyi kimi, modern dünya oxumaq və yazmaq çərçivəsində inşa edilmişdi. Bu böyük iddia və amaldan dönmədiyi üçün bütün romantiklərin qarşılaşdığı “uğursuzluq” qaçılmaz idi. Bununla belə, XI əsrdə müstəqil olacaq türk dövlətləri bu ideyanı ayaqları yerə daha sağlam basacaq şəkildə reallaşdırmaqdadırlar.