Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında çıxış edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
“Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasımızın 6-cı iclası münasibətilə dədə-baba yurdumuzda olmaqdan çox şadam. Dəyərli qardaşım cənab Sadır Caparova qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Əziz qardaş, biz tezliklə strateji tərəfdaşlığımızı hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qaldıracaq sənədi imzalayacağıq. Bu yolla biz təhlükəsizlik, nəqliyyat, səhiyyə və digər sahələrdə əlaqələrimizi dərinləşdirməyə imkan verəcək mexanizm quracağıq.
Hörmətli qardaşım Caparovla görüşümdə ikitərəfli ticarət hədəfini 5 milyard dollara çatdırmaq barədə razılığa gəldik. Biz bu gün Təhlükəsizlik sahəsində Əməkdaşlıq Sazişi imzalamaqla əməkdaşlığımızı daha da gücləndirmək istəyirik. Gəlin Təhsil Əməkdaşlığı Sazişi üzrə danışıqları tez yekunlaşdıraq. Bu münasibətlə Manas Universitetinin dünyanın ən yaxşı universitetləri siyahısına daxil olmasından məmnun olduğumu vurğulamaq istərdim. Gəlin universitetimizin həm Qırğızıstanın insan kapitalına, həm də elmi və incəsənətinə maksimum töhfə verməsi üçün harmoniyada işləməsinə davam edək”, – Türkiyə lideri bildirib.