Aktual Xəbərlər

COP29 Azərbaycana və dünyaya nə vəd edir?

Bildiyimiz kimi, hazırda Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir.  Beynəlxalq səviyyədə keçirlən tədbir çərçivəsində müxtəlif mövzular üzrə müzakirələr aparılır.

Prosesi şəffaf, qərəzsiz və inklüziv şəkildə həyata keçirmək məqsədilə COP29 Sədrliyi ambisiyaların artırılması və fəaliyyətə təkan vermək üçün bir-birini qarşılıqlı şəkildə dəstəkləyən iki istiqamətə əsaslanan plan hazırlayıb.

Bəs ümumiyyətlə COP tədbirləri niyə önəmlidir və COP29 həm ölkəmizə, həm də dünyaya nə kimi yeniliklər və faydalar vəd edir?

Siyasi şərhçi Tural İsmayılov ölkəmizdə keçirilməkdə olan COP29-la bağlı Füyuzat.az -ın suallarını cavablayıb:

  • COP29-un özünün əhəmiyyəti nədir və Azərbaycana nə vəd edir?

    COP29-un çox böyük əhəmiyyəti var, çünki nəzərə almaq lazımdır ki, bu gün bütün dünyanın real hərbi, siyasi və iqtisadi müharibələrə başının qarışdığı bir zamanda, demək olar ki, iqlim məsələləri tamamilə unudulub və arxa plana keçib. Təbii ki, bu gün ətraf mühit və iqlim mövzusunun arxa plana keçirilməsi nəticəsində dünyada haqq səsini eşidə bilmədiyimiz xalqların coğrafiyalarına və ekosistemlərinə böyük zərbələr dəyir, nəticədə isə bütün bunlar təkcə sözügedən coğrafiyalarla məhdudlaşmır, bütövlükdə qlobal anlamda iqlim təhlükəsizliyi üçün çox ciddi fəsadlar yaradır. Bu baxımdan COP29 indiyə qədərki tədbirlərdən ona görə fərqlənir ki, bu tədbir sadəcə dayanıqlı inkişaf və iqlim təhlükəsizliyi ilə bağlı beynəlxalq həmrəkliyini özündə ehtiva etmir, eyni zamanda bütün dünyanın iqlim probleminin həllinə yönəlmiş maliyyənin artırılması ilə bağlı səylərdə artıq praktiki olaraq hərəkətə keçməyin vacibliyini vurğulayır. COP29-un birinci həftəsində qlobal Liderlər Sammiti və kiçik ada dövlətlərinə həsr edilən, eyni zamanda iqlim təhlükəsizliyi ilə bağlı, hətta futbol kulublarının belə birgə alyansı formalaşdırıldı və COP29 elə birinci həftəsindən fərqləndi. İkinci həftədə isə COP29-un əsas müzakirə məsələsi qlobal iqlim məsləsinə ayrılan maliyyə yardımının artırılması əsas məqam olacaq ki, düşünürəm, bu çox həssas bir mövzudur. Hətta indiyə qədər iqlim təhlükəsizliyi ilə bağlı ayrılan maddi yardımların ancaq bəlli Qərb dairələrində cəmləşməsi ciddi narazılığa səbəb olurdu, effektsizlik sendromu formalaşdırırdı, amma COP29-da ikinci həftənin mövzularında bu maliyyə yardımının fərqli-fərqli coğrafiyalarda toplanmasının vacibliyinə toxunulacaq. Ölkəmiz üçün COP29-un çox böyük üstünlükləri var, amma bunu əsas beş kateqoriyada cəmləşdirə bilərik. Birinci əsas məqam odur ki, COP29 növbəti dəfə sübut etdi ki, Azərbaycan bütün dünyəvi məsələlərdə və qlobal problemlərin həll edilməsində əsas müzakirə platformalarından biridir. İkincisi, bir daha sübut olundu ki, Azərbaycan təkcə uğurlu ev sahibi deyil, həm də özü COP29 üçün təşəbbüslərlə çıxış edir. Üçüncü məqam ondan ibarətdir ki, COP29 Azərbaycan həqiqətlərinin geniş auditoriyalara çatdırılmasının, həmçinin ölkəmiz əleyhinə aparılan “fake news”ların ifşası üçün önəmli bir platforma oldu. Dördüncü məqam – Azərbaycan kültürünün, Azərbaycanın turistik əhəmiyyətinin tanıdılması baxımından da COP29 ölkəmizə böyük dividendlər vədd etdi. Nəhayət, COP29 çərçivəsində ayrı-ayrı ölkələrlə həm yaşıl enerji, həm də digər sahələr üzrə vacib sazişlər imzalandı ki, bu da ölkəmizə böyük iqtisadi dividendlər gətirəcək.

    • Xatırlayırsınızsa, Fransa tərəfi bundan əvvəl Azərbaycan əleyhinə kampaniyalar aparmış və hətta irəli gedərək iddia etmişdi ki, Azərbaycan COP29-dan öz məqsədləri üçün istifadə edir. Əslində isə COP29 hər bir dövlətin həm istifadə etməli, həm də dəstək olmalı olduğu beynəlxalq təşəbbüsdür. Siz necə düşünürsünüz, Azərbaycan COP29-a nə kimi faydalar verdi və özü COP29-dan necə istifadə edir?

    Azərbaycan COP29-a çox böyük faydalar verdi. Azərbaycan məhz bu məsələni qaldırdı ki, bu gün dünyadakı iqlim təhlükəsizliyi ilə bağlı ayrılan maliyyə mexanizmlərinin bir mərkəzdə cəmləşməsi və yaxud da bəlli Qərb paytaxtlarının bu pula sahib çıxması, eyni zamanda iqlim təhlükəsizliyi ilə bağlı ayrılan maliyyənin adekvat xərclənməsi üçün şübhələrin olması dünyanı narahat edir və məhz Azərbaycanın səyləri nəticəsində COP29-da bu məsələlər müzakirəyə çıxarıldı ki, bu Azərbaycanın COP29-a ən ciddi faydalarından biridir. Digər bir tərəfdən, Azərbaycan COP29-a həm də ilklərlə yaddaqalan bir sıra təşəbbüslərin qaldırılmağına dəstək oldu. COP29 çərçivəsində məhz Azərbaycanın səyləri nəticəsində təkcə siyasətçilər, iqlim fəalları, vətəndaş cəmiyyəti, media deyil, eyni zamanda buraya idman cəmiyyəti də fəal şəkildə cəlb olundu, dünyanın idmanının  önəmli şəxsləri Azərbaycana gəldilər. Azərbaycanın COP29-a ən böyük töhfələrindən biri bu oldu ki, məhz ölkəmizin səyləri nəticəsində bu gün COP29 dünya trendlərində ən ciddi müzakirə edilən məslələrdən biridir, digər bir tərəfdən,  əlbəttə ki, Azərbaycan həm də COP29-dan dünyada karbon emissiyası azaldılması sahəsində ciddi addımların atılmağını tələb edir. Azərbaycan həm də COP29-dan istifadə edərək dünyaya heç kəsin səsini çıxarmadığı Fransa kimi riyakar ölkələrin neokolonializm siyasətinə də etiraz etdi və məhz Azərbaycan Prezidenti İlham Əliyevin COP29-a ən böyük töhfələrindən biri o oldu ki, Cənab Prezident səsləri eşidilməyən mayotları, Fransa poleniziyası, Yeni Kolideniya kimi bölgələrdəki müstəmləkəçilik siyasətini ən yüksək kürsüdən ifşa etmiş oldu.

    • COP29-un mövzularından biri də müstəmləkəçilərə qarşı mübarizə idi. Bu məsələdə COP29-dan hansı faydalar gözləmək olar?

    Əlbəttə ki, müstəmləkəçilik siyasətində bütün dünya ölkələri səs çıxarmalıdır, bu gün insan haqqlarından, demokratiyadan, ədalətlikdən və bərabərlikdən dəm vuran Avropa İttifaqının, Fransanın və eyni zamanda Niderlandın müstəmləkə əsarətində saxladığı bölgələrdəki qanunsuzluqlarla bağlı göz yummağı qəbul edilən məsələ deyildi. Azərbaycan həm Qoşulmama Hərəkatının sədri olanda bu məsələni beynəlxalq platformalardan qaldırımışdı, həm də biz Azərbaycanda yaradılan Bakı Təşəbbüs Qrupunun bu gün dünyadakı yeni müstəmləkəçilik idbarlığına qarşı ən ciddi qlobal müqavimət platforması halına gəldiyini görürük. O baxımdan da bu gün COP29-da müstəmləkəçiliyə qarşı mübarizənin səsləndirilməsi və Azərbaycanın bu məsələdə səsini ucaltması həm də dünya mediasında bu məsələnin gündəmə çevrilməsinə səbəb oldu. Eyni zamanda hesab edirəm ki, COP29 platformasında Azərbaycan tərəfindən müstəmləkəçiliyə qarşı qaldırılan etiraz səsinə digər coğrafiyalardan da qoşulan siyasi, ictimai şəxslər oldu. Vətəndaş Cəmiyyət İnsitutları var ki, onlar özəlliklə müstəmləkə əsarətində saxlanılan bölgələrdəki ekoloji fəlakətlərlə bağlı Azərbaycanın qaldırdığı məsələnin ətrafında cəmləşməyi bacardılar. Eyni zamanda COP29 neomüstəmləkəçilik problematikasının önəmli və nüfuzlu bir platformada səsləndirilməsi üçün yaxşı bir ənənə yaratdı və mən güman edirəm ki, gələn il Braziliyada keçiriləcək COP30 və ondan sonrakı bir sıra tədbirlərdə də artıq neomüstəmləkəçiliyin təkcə siyasi və humanitar bir fəlakət deyil, həm də ekoloji təhlükəsizlik baxımından ciddi nəticələrinin olmağı vurğulanacaq və buna qarşı qlobal müqavimət daha da dərinləşəcək.

    • Ermənistan niyə COP29-da iştirak etmədi və nə itirdi?

    Ermənistan heç vaxt səmimi bir ölkə olmayıb, onun Azərbaycanla sülhlə bağlı verdiyi açıqlamalar da riyakarlığa köklənib. Ermənistan çalışırdı ki, COP29 ərəfəsində özünün bir sülhpərvər obrazını yaratsın və Azərbaycanı nələrdə isə ittiham etsin. Təbii ki, Azərbaycan burada da böyük bir dövlət ləyaqəti nümayiş etdirdi, Azərbaycan Ermənistanı rəsmən COP29-a dəvət etdi. Amma Ermənistan tərəfi siyasi münasibətlər sistemində ikiüzlü olduğunu növbəti dəfə nümayiş etdirərək COP29-a gəlmədi və Ermənistan öz aləmində yaxşı başa düşür ki, COP29-da iştirak etdikdən sonra artıq onun Azərbaycan əleyhinə apardığı dezinformasiyalarda və “fake news”larda dırnaq arası əli zəifləyə bilər, ona görə də qəsdən COP29 tədbirinə gəlmir. Azərbaycan dəfələrlə Ermənistanın COP29-a qatıla biləcəyini vurğulasa da, Ermənistan COP29-a gəlməyərək həm də bir daha göstərmiş oldu ki, o təkcə regional anlamda sülhü istəməyən, aqressiv, işğalçı zehniyyətdəki bir ölkə deyil, həm də eyni zamanda Ermənistanın yaşıl enerjiyə keçid və iqlim təhlükəsizliyi ilə bağlı hər hansısa bir təsəvvürü mövcud deyil. Ermənistan COP29-a gəlməməklə özünün zəif bir ölkə olduğunu da nümayiş etdirdi və özü haqqında yaratdığı mifin beynəlxalq auditoriyada da boşa çıxdığını göstərdi. Digər bir tərəfdən, Ermənistan regional konteksdə gələcəkdə foramalaşa biləcək Yaşıl Enerji ilə bağlı önəmli layihələrdən özünü məhrum etmiş oldu ki, bu, Ermənistanın ən böyük itkilərindən biridir. Həmçinin COP29 Ermənistanın özünün aqressiv iddialarından əl çəkməsi üçün yaxşı bir platforma və onun üçün gözəl bir şans idi, ancaq Ermənistan COP29-da iştirak etməyərək bütün bu şansları itirmiş oldu.

    • Artıq görürük ki, başqa bəzi ölkələr də COP tədbirlərinin təşkilini istəyir. Bu onun əhəmiyyətini göstərir. Burada təbii ki, Azərbaycandakı COP29-un səmərəliliyi də öz sözünü deyir. Deyə bilərikmi ki, Azərbaycan artıq dünya miqyaslı tədbirlərin ev sahibidir?

    Bəli, Azərbaycan artıq dəfələrlə vacib tədbirlərin təşkilatçısı kimi öz uğurlarını nümayiş etdirib. Bu gün ölkəmiz təkcə ictimai-siyasi tədbirlərin deyil, humanitar, idman tədbirlərinin ən təhlükəsiz və ən mükəmməl təşkilatçılıqla həyata keçirildiyi və uğurlu ev sahibliyi modelinin formalaşdığı bir ölkədir. Bilirik ki, dəfələrlə Azərbaycanda vacib qlobal tədbirlər həyata keçirilib, bundan əvvəl Avroviziya yarışması ölkəmizdə keçirilib, Azərbaycan artıq uzun illərdir ki, Formula 1-in Azərbaycan Qranprisinə uğurla ev sahibliyi edir. Həmçinin önəmli təşkilatların Azərbaycanda iclasları, dinləmələri həyata keçirilib. Uzun illərdir, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasları ölkəmizdə uğurla həyata keçirilir, son dövrlərdə elm sahəsində Teknofest festivalına Azərbaycan yaxşı ev sahibliyi edib. Bundan əvvəl isə Avropa oyunları, İslam Həmrəyliyi Oyunları, həmçinin futbol üzrə Avropa Çempionatının bir sıra görüşlərinə Azərbaycan uğurlu ev sahibliyi edib. Bundan əlavə, Azərbaycan sadəcə beynəlxalq tədbirlərə ev sahibliyi etmir, həm də özü qlobal məcrada müzakirələr yaradan vacib tədbirləri formalaşdırır. Bilirik ki, Şuşada artıq hər il Media Forumu keçirilir ki, dünyanın fərqli-fərqli coğrafiyalarından önəmli media simaları işğaldan azad edilən bölgələrimizə səfərlər edir. Həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu artıq 10 dəfə keçirilib və özünün uğurlarını nümayiş etdirib və COP29-la Azərbaycan bir daha göstərdi ki, o bundan sonra da dünya səviyyəli önəmli tədbirlərə çox uğurla ev sahibliyi edə bilər, təşkilatçılıq, layihənin uğurlu formada həyata keçirilməsi, təhlükəsizlik və bütün hər şey ən yüksək səviyyədə dövlətimiz tərəfindən ev sahibliyinin necə olmalı olduğunun bir örnəyi kimi nümayiş etdirildi.