Bakıda vaqe olan keyfiyyətdən bir pərdədir.
Əfradi-əhli-məclis:
1. Kəsb şöhrətü-nam etmiş Qurbanəli ağa.
2. Fakültə qurtarıb imtiyaznamə almış bir abrazıbannı müsəlman (diplomat).
3. Qurbanəli ağanın kontorşiki.
Pərdə qalxır, nümayan (aşkar – red.) olur ağanın kabinəsi, hər tərəfdən bahalı stul və mizlər düzülmüş, hündür bir pəncərənin qabağında vəz edilmiş stul üzərində Qurbanəli ağa ilə diplomat oturmuş.
Qurbanəli ağa (üzünü diplomata tutub): – Ah, fələk, dünyada elmsizlikdən böyük bir dərd yoxdur. Kaş ki mənim bu dövlətim ki başımdan aşır, olmayaydı, ancaq elm olaydı ki, hər bir şeyi özgədən xəbər almayaydım.
Diplomat: – Ağa, niyə dilgir (qəmgin – red.) oluyorsunuz? Allaha şükür, elminiz olmasa da, fəhm və zəkavəti-Xudadadınız (Allahın sizə verdiyi zəka – red.) o qədərdir ki, bir çox biz kimi diplomatlardan artıq olmasanız da, əskik deyilsiniz. Allaha şükür, sizin ayağınız biləni bəzi diplomatların başları da bilmiyor. Çox olur ki, insan oxumuş, tərbiyə almış olsun, lakin özü səfeh. Məsəla, indiki zəmanə studentləri. Görürsən, ağa, sizin kimi vücudların kölgəsində gedib təhsili-kəmal etmiş, özünə bir abru (abır – red.) qazanmış, amma öz vəliyyi-nemətinin mənafeyinə ziddiyyət göstəriyor, onu bəgənmiyor. Bu hələ o yanda dursun, millətə nə qədər zərər veriyorlar…
Qurbanəli ağa: – Nə buyurursunuz? Mən xərc çəkib təhsilə göndərdiyim studentlər qayıdıb məgər mana bərəks (əks – red.) gediyorlar, millətə zərər veriyorlar?
Diplomat: – Bəs nədir, ağa, müttəhid, müttəfiq bir milləti şöbələrə ayırmaq, partiya-partiya eləmək bu millətə xəyanət deyil də nədir? Əşi, bular hələ o yanda dursun, çoxusu, görürsən, gedib sosialist olur, iddiası da budur ki, fəhlə gərək ağa olsun. Özü də deyir ki, cümlə aləmləri doyduran, geyindirən, dünyanın hər bir rifah və səadətini hazırlayan fəhlədir. Pəs niyə gərək tək-tək vücudlar keyfə baxsınlar? Minlər ilə fəhlələr işləsin, tək-tək xozeyinlər yesin, belə şey olmaz. Bu fasid əqidənin üstə öylə möhkəm də duruyorlar ki, Allah göstərməsin, çoxları çıxır ki, hər bir şan, ad və heysiyyətdən də, görürsən, əl çəkib öz əqidəsinin rəvacında işliyor.
Bu studentlərdən o gün bir neçəsin çağırıb nə qədər nəsihət etmişəm ki, böylə şey olmaz, siz qeyrilərə baxmayınız, onlar, bəlkə, dəli olublar, siz də özünüzü onlara müqəllid edib bu yolu getməyiniz. Əvəzində gör mənə nə cəvab verirlər. Guya ki, küll Rusiya, bəlkə, cümlə Avropa divanə olub, fəqət siz və həməfkarlarınız dünyada əqlin itirməmiş qalmısınız.
Qurbanəli ağa: – Əşi, nə olacaq, cavan adamlardır. Təcrübə görməmişlər. Qoy hər nə deyirlər-desinlər, bizə nə zərər… Allahın bərəkətindən, biz müsəlman sahibkarları iyirminci qərinədə xoşbəxtlərdən yaranmışıq. Cəmi aləm əgər sosialist olub müsəlman fəhləsinin arasında əqidə təbliğ edib zabastovkaya (tətilə – red.) çağıralar, əminəm ki, heç kəs qulaq asmaz. Müsəlman fəhləsinin nə cürəti ola bilər ki, yerindən belə hərəkət eləsin. Sən bilməyirsən ki, bu müsəlman tayfası kazak-saldatdan necə qorxur! Bircə student-mustudentlərə uysunlar, zabastovka etsinlər, gör zabastovka nə tövr olar. Onlara bir toy tutdurum ki, qiyamətdə də özlərinə gəlməsinlər…
Əşi, təəccübdür bizim müsəlmanın işi, görürsən, gəlir göynüyür ki, ağam, fəqirəm, oxumaq istəyirəm, tavanam (gücüm – red.) yoxdur… Kömək ediyorsan, əlindən tutursan, xərcin çəkirsən ki, gedib oxusun, adam olsun. Lakin gedir gör axırı nə olur – sosialist! Virdi-zəbani (dili dönə-dönə – red.) gör nə der: hürriyyət, müsavat, qardaşlıq!.. Ax, vay, ada ay… illər ilə zəhmət çəkib qazandığım dövləti götürüm indi bir əbləhin biri ilə bölüşüm ki, nə var ki, bu müsavatdır. Ağa sosialist böylə deyir…
Diplomat: – Bu günlərdə bizim həmin Bakıda bir tağım cavanlar vardır ki, özlərini fəhlə tərəfdaranı adlandırırlar. Guya fikirləri budur ki, müsəlman fəhləsi də zabastovka yolu ilə öz əhvalını (istehza ilə) yaxşılaşdırsın.
Qurbanəli ağa (hiddətli): – Xub, mən məgər günah elədim ki, küçələrdə qalan adamlar üçün iş açdım ki, gəlib bir parça çörək yiyəsi olsunlar? Əşi, müsəlman cavanı bir dəstə olmasın ki, on dəstə olsun, yenə də müsəlman fəhləsi zabastovka eləməz. Əgər pir mənimdir, kəramətin bilirəm (döşünə döyür). Başına qapaz vururlar, dinmir, durub indi məvacib üstə zabastovka edib haqmı istəyəcək? Vallahi pək xoşbəxt yaranmışıq. Nə zabastovka görürük, nə də başımız ağrıyor. Özgələr, görürsən, bizdən artıq mavacib verib fəhlə ilə yaxşı yola gedə-gedə yenə əmələləri (fəhlələri – red.) zabastovka ediyorlar. Amma bizim fəhlələr işləyib, işləyib ay başında nəqd poluçka üç şahı, iki abbası, çox olanda bir manat alır, onunla belə kəmali-sidq ilə xidmət edir. Zabastovka-mabastovka-zad bilməz, başını aşağı salıb adam kimi işlər, hər nə desən, “baş üstə, ağa” deyib əməl də edər.
Diplomat: – Hər halda, bu sosialistlər mühüm düşməndirlər, onlardan ehtiyatlı olmalıdır, Sədi deyir:
Dani ke çeqoft Zal ba Rüstame-qord.
Doşmən nətəvan həqir biçare şomərd.
(Bilirsən ki, igid Rüstəm Zala nə dedi,
Düşməni yazıq və biçarə saymaq olmaz.)
Qurbanəli ağa: – Əşi, bica ehtiyatdır ediyorsunuz. İnandırıram səni ki, əgər Xuda nə kərdə, mənim işimdə zabastovka-zad olsa, cəmi sosialistləri Bakıdan köçürtməyə qadirəm.
Söz bura çatmış idi ki, nagəhan qapılar bir-birinə dəyib özgə bir halət ilə kontorşik içəri girib kəmali-pərişanlıq ilə salam verdi.
Qurbanəli ağa: – Nə var, adə, nə olub, əhvalın niyə pərişandır?
Kontorşik: – Böyük bir bəla üz veribdir, ağa!
Qurbanəli ağa: – Necə, nə bəla, olmaya, adə, paraxod batıbdır?
Kontorşik: – Xeyr, daha bədtər.
Qurbanəli ağa: – Zavod yanıbmı? Pacar olubmu?
Kontorşik: – Bir daha pis!
Qurbanəli ağa: – Evin yıxılsın, bir de görək axı!
Kontorşik: – Deməyə dilim varmıyor.
Qurbanəli ağa (ayağa durub acıqlı): – Pah atonnan yeri! Qəribə insandır a… Adə, bir de görüm nə olubdur da!..
Diplomat: – Adə, zarafata salmısan nədir, kişi özünü itirdi, tez ol, di xəbər ver, adamsan sən!
Qurbanəli ağa: – Adə, deməyəcək idin bəs niyə gəldin… La-ilahə-illəllah…
Kontorşik sözünü deməmiş çıxır, çıxanda üzünü diplomata döndərib işarə ilə onu bayıra çağırır.
Qurbanəli ağa (tək): – İlahi, görəsən, nə xəbərdir. Yəqin, böyük bir müsibət üz veribdir ki, bu zalım balası deməyə ehtiyat ediyor, ox!.. Ürəyim nə yaman xarab oldu! A… bay, zalım, belə də xəbər gətirərlərmi? (Biixtiyar olub pəncərəyə söykənir. Bu vaxtda diplomat qayıdıb içəri daxil olur.)
Diplomat: – Ağa, ay ağa! Xof etməyiniz, bir elə xəbər yoxdur. Fəhlələr, gərək ki, tətil etmişlər, zabastovka!..
Qurbanəli ağa: – Bay, nə dedin, zabastovka?.. “Nə, nə! Müsəlman fəhləsi də!.. Böylə də iş olarmı!.. Ey Xuda, nə günlərə qaldıq!” Cənab bəy! Siz doğruca ehtiyat edirmişsiniz, yerində imiş!.. (Üzünü qapıya tutub qışqırır) Adə, Nəsrullah, Nəsrullah. Telefonu general-qubernatorun eviylə birləşdir. (“Bu səat, ağa” – deyə səs gəlir. Diplomata xitabən) Bu biz müsəlman sahibkarları üçün nagahan bəladır, nagahan bəla!.. Mən məlunəm əgər bir də bir uşaq oxutduram. (Deyib qapıya sarı gedir.)
(Pərdə düşür)
Məhəmməd Əmin Rəsulzadə
“Təkamül” №7, 3 fevral 1907