Köşə Yazıları Ruslan Bayramlı

Gələcəyin peşələri hansılardır?..

 

Artıq ölkəmizdə qarşıdakı 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinə ixtisas seçiminə sayılı günlər qalıb. Bu sadəcə bir gəncin universitet dövrünü müəyyən edən bir seçim deyil. Bu seçim bir ölkənin gələcəyinə təsir edən bir amildir. Bu səbəbdən də bu prosesə sadəcə peşə-ixtisas seçimi kimi baxmamalıyıq.

Karyera planlaması edərkən yalnız günümüzə uyğun olan iş(lər)i deyil, həm də gələcəyin peşələri barədə düşünməyə ehtiyac var. Belə ki gələcəyin iş yerləri texnoloji tərəqqi, demoqrafik dəyişikliklər, sosial və iqtisadi meyllər kimi bir çox amillərin təsiri altında formalaşır. Buna görə də gələcəkdə hansı peşələrin meydana çıxacağını indidən dəqiq bilmək çətin olsa da, proqnozlaşdırmaq mümkündür.

Ötən yazımızda qeyd etmişdik ki, “gələcəyin peşələrinin bir ortaq cəhəti var: şahidi olduğumuz texnoloji inqilab!”

Dünyada və ölkəmizdə gələcək peşələr barədə araşdırma apararkən bir çoxunun texniki peşələr olduğunu görə bilərik. Daim inkişaf edən texnologiya özünəməxsus tendensiya yaradır. Bu da ən perspektivli peşələrə sahib olmaq üçün ən son rəqəmsal texnologiyanı bilmək və onlardan istifadə etmək bacarığı tələb edir.

Hələ bir-neçə il əvvəl dünyanın ən zəngin iş adamı, “Microsoft” şirkətinin yaradıcısı olan Bill Qeyts gələcəyin peşələri ilə bağlı danışarkən “yenidən təhsil almaq kimi fürsətim olsaydı, bu üç sahədən birinə üstünlük verərdim” deyərək yaxın gələcəkdə süni intellekt, enerji və biologiya kimi elmi sahələrin inkişaf edəcəyini vurğulamışdır.

Onun fikrincə, “Dünya süni intellekti yenicə dərk edib. Biz başa düşdük ki, bu texnologiya sayəsində insanların həyatına daha çox məhsuldarlıq və yaradıcılıq gətirə bilərik. İkinci sahə enerjidir. Dünya yeni enerji mənbələri kəşf edir və biz daha təmiz, daha dayanıqlı enerjinin indi dünya üçün əvəzolunmaz olduğunu görürük. Üçüncüsü, insanlara daha uzun və sağlam həyat vəd edən biotexnologiya sahəsidir ki, istər-istəməz gələcəkdə maraq artacaq sahələrdən biridir”.

Son 100 ildə baş verən texnoloji inkişaf tarixin digər dövrlərinə nisbətən çox sürətlə baş verir. Bu inkişaf da bəzi yeni peşələrin yaranmasına, digər bir qrup peşələrin isə sıradan çıxmasına səbəb olur. Bu təsir sadəcə texnoloji baxımdan deyil həm də elmi, sosial, mədəni, ekoloji və iqtisadi yöndən də özünü göstərir.

Müxtəlif araşdırmalara, mənbələrə müraciət edərək gələcəyin peşələrinin sıralamasına baxsaq, aşağıdakı peşələrin o sıralamada yer aldığının şahidi olarıq:

Proqram təminatı üzrə mütəxəssis

Bu peşə müasir dövrün ən ehtiyac duyulan peşələrindən biridir və bu proses hələ uzun müddət davam edəcək. Proqram tərtibatçıları texnologiya əsrinin lokomotivləri hesab olunurlar. Onlar müxtəlif platformalar üçün texniki xidmətlər göstərərək, müəyyən biznes və xidmət sahələrinə aid proqramlar yazaraq onların fəaliyyətlərini daha da təkmilləşdirirlər.

Data analitikası

Virtual aləmdə məlumatların çoxluğu  həmin məlumatları başa düşə bilən və onlarla işləyə bilən mütəxəssislərə ehtiyacı zəruri edir. Bu peşə sahibləri onlayn formada olan məlumatların təhlili ilə məşğul olurlar. Onlar şirkətlərə indi və gələcək zamanda bizneslərinə nəyin təsir edəcəyi məlumatlarının təhlilini aparırlar. Artıq rəqəmsal dünya öz gələcək strategiyalarını təhlil etmək və təkmilləşdirmək üçün data analitiklərinə ehtiyac duyur və bu ehtiyac həmin peşələrin inkişafını zəruri edir.

 Distant təhsil və təhsil texnologiyaları mütəxəssisləri

Bütün sahələrdə olduğu kimi texnologiyanın təhsilə təsiri artmaqdadır. Distant təhsil platformalarının inkişafı, təhsil materiallarının rəqəmsallaşdırılması və öyrənmə texnologiyalarının inkişafı bu kimi sahələr üzrə mütəxəssislərə tələbin artacağı barədə proqnoz verməyə imkan verir.

Süni intellekt üzrə mütəxəssislər

Süni intellekt və texnologiyanın inkişafı bu sahədə ixtisaslaşmış mütəxəssislərə tələbatı artırır. Gələcəkdə süni intellekt alqoritmlərini hazırlaya bilən, həyata keçirən və həmçinin idarə edən mütəxəssislərə tələbat olacaq.

Yaşıl enerji üzrə mütəxəssislər

Ölkələrin bərpa oluna bilən enerji mənbələri və ətraf mühitin qorunması kimi məsələlərə münasibəti dəyişdikcə gələcəkdə günəş, külək və su enerjisi kimi bərpa olunan enerji mənbələrinin inkişafının və istifadəsinin geniş yayılacağını proqnozlaşdırmağa imkan verir. Bu da öz növbəsində yaşıl enerji sahəsində mütəxəssislərə tələbin artacağını göstərir.

Səhiyyə texnologiyaları və tibbi avadanlıqlar üzrə mütəxəssislər

Bütün sahələrdə baş verən texnoloji inqilab tibb sahəsindən də yan keçmir. Xəstəxanalardakı yeni müalicə metodları, əməliyyatlar yeni texnoloji vasitələrin tətbiqini zəruri edir. Buna görə də bu cihazları bilən, onlarla işləməyi öyrədən mühəndislər gələcəyin mütəxəsisləri arasındadır. Onların əsas rolu xəstəxanalardakı yeni texnoloji avadanlıqları quraşdırmaq, onlarda yaranan problemləri həll etməkdir.

Bu siyahını kifayət qədər uzatmaq da olar. Çünki, demək olar ki, yeni-yeni peşələr yaranmaqdadır və bu proses daha sürətli formada da davam edəcək.

Bəzi peşə sahibləri karyeralarının sona çata biləcəyini düşünərək qorxuya düşsələr də, peşələrin bir çoxunun təkamül yolu keçəcəyini qeyd etmək lazımdır. Bununla belə, təkcə bəzi şirkətlərin qəbul etdiyi yeni dinamikaya deyil, həm də yeni iş dünyasının tələb edəcəyi ixtisaslara yiyələnmək lazımdır. Ətrafınızdakı dünyaya diqqət yetirin, tələblərə və ya problemlərin həllinə necə töhfə verə biləcəyinizi görməyə çalışın. Və təbii ki, çox oxuyun. İş dünyasındakı mövqeyinizdən asılı olmayaraq müxtəlif bilik mənbələri axtarın. Sonda deyə bilərik ki, çeviklik, öyrənməyə açıqlıq və yeni bacarıqlar əldə etmək qabiliyyəti müasir insan kapitalının çox önəmli özəlliklərindəndir.