Dekabrın 27-də Rusiyanın bir neçə hava limanının fəaliyyətinə birdən-birə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artem Korenyako özünün “Telegram” kanalında məlumat yayıb.
“Təhlükəsizliyi təmin etmək üçün Soçi hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub. Ekipajlar və hava hərəkəti dispetçerləri də daxil olmaqla, bütün hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün tədbirlər görüb”, – məlumatda bildirilib.
Moskva vaxtı ilə saat 06:00-dan etibarən Kazan hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Burada da uçuşlar və reyslərin qəbulu dayandırılıb.
Dekabrın 27-də səhər saatlarında Volqoqrad və Həştərxan hava limanlarında da məhdudiyyətlər tətbiq edilib. Nəticədə Volqoqradda “Aeroflot” və “Pobeda” aviaşirkətlərinin Moskvadan uçuşları, Həştərxanda isə “Aeroflot”un reysi gecikib.