Köşə Yazıları

Necə xoşbəxt olaq?

Müasir dövrdə cəmiyyətdə baş verən sosial böhranın səbəblərindən biri də təqlid xəstəliyidir. Hamı hər mövzuda bir-birini təqlid edir. Kim harada uğurlu bir layihə görür, araşdırma etmədən, onun uğurlu olmasındakı xüsusi şərtləri, o dövrdəki mühiti araşdırmadan, hesaba qatmadan hər kəs o işə yönəlir və nəticədə də əksərən uğursuzluq qaçınılmaz olur. Bu tendensiya eynilə bütün sahələrdə müşahidə edilir. Lakin bəhs etmək istədiyim əsas məqam xoşbəxtliyin də təqlidə cəlb edilməsidir.

Kefimizi pozan mənfi düşüncələrin əksəriyyətinə diqqət etsək, görərik ki, sadəcə öyrənilmiş təkrarlardır, biz də çoxunu niyə etdiyimizi düşünmədən təkrarlayır və eyni pessimizmləri özümüzə məcbur edirik. Halbuki verdiyimiz reaksiyalara, narazı olduğumuz məsələlərə diqqət etsək, çoxu özümüzə aid deyil, ya ailədən, ya ətrafdan eyni vəziyyətlər üçün daha öncə göstərilən münasibətlərin təkrarıdır, biz də elə gördüyümüz üçün elə edirik. Çoxumuz heç şikayətlənməyə ehtiyac belə olmayan yerlərdə şikayətlənilməsinə, siqaret tüstüsünə bürünüb dərdə çevrilməsinə o qədər şahid olmuşuq ki, düşünmədən bu davranış formunu kopyalayırıq. Bənzər vəziyyətlərdə eyni cür reaksiyalar verib, eyni cür zərərli davranışlarla özümüzü süni bədbəxt etməyə çalışırıq. Halbuki biz, həqiqətən də, o vəziyyətdə o cürmü hiss etdik? Həyatımızın hər anında şüuru açıq olmaq, ailədən, məktəbdən, iş yerindən, çöldəki insanlardan, filmlərdən, seriallardan, məşhurlardan və s. gördüyümüz şablonları özümüzü təkrarlamağa məcbur etdiyimiz zaman öyrənilmiş və əzbərlənmiş davranışlar şablonlarını işə salmaq yerinə sadəcə bir az dayanıb düşünsək, səmimi olaraq nə hiss etdiyimizi, məntiqli reaksiyanın nə olduğunu, hər mənada faydalı olan reaksiyanın nə olduğunu öz ağlımızla ölçüb-biçsək, bizi neqativə aparan gərəksiz dramatik davranışların bir çoxundan qurtulmuş olarıq.

İndiki dövrdə, həqiqətən, xoşbəxt insanlar görmək asan məsələ deyil. İnsanların xoşbəxt olmaması üçün coğrafyadan asılı olaraq savaşlar, siyasi gərginliklər, iqtisadi çətinliklər, əxlaqi degenerasiya, sosial böhran və s. kimi bir çox səbəblər var. Bunların hər biri çox geniş mövzudur. Xoşbəxtlik barədə ümumi miqyasda dünyada çox ciddi şəkildə azalma olduğu ortadadır. Hər gün dünya səviyyəsində stress, depressiya əleyhinə dərman satışları bütün ölkələr üzrə yeni rekordlar qırır, hər gün intiharlar üzrə bütün ölkələrdə rekordlar yenilənir. Bütün bunların çox çeşidli səbəbləri var, bütün bu səbəbləri araşdırmaq olar və lazımdır. Lakin mənim bu gün diqqət çəkmək istədiyim məqam bu çətin mühitin eyni zamanda bir qisim insan, bir qrup üçün böyük bir bazar və ticarətə çevrilməsi məqamıdır.

Faciəvi olan məqam insanların bu çətin və acınacaqlı vəziyyətini fürsətə çevirən, insanların zəif psixoloji vəziyyətindən istifadə edərək istehsal etdikləri süni məmnunluq məhsullarının xoşbəxtlik adı ilə insanlara satılmasıdır. Buradaki kritik məqam nədir? İnsanların özünün nə istədiyini bilməməsidir. Vəziyyət belə olduğu zaman fürsətçilər araya girir və “xoşbəxtlik” satmağa başlayırlar. Yəni misal üçün, “gəl bu məhsulu al, filan oyunu oyna, filan məkana səfər et, filan qidaları ye, filan vitaminləri qəbul et, filan suları iç, filan daşları belə et, filan tüstünü elə et, filan hərəkətləri belə et” və s. deyərək səni xoşbəxt edəcəyini iddia etdikləri, əslində isə, məhsullarını “sırıyaraq” səni daimi bir müştəriyə çevirirlər. Yaxşı, işə yarayırsa, bunda nə var ki, hə? Problem də burasındadır ki, əslində, bu yöntəmlər işə yaramır, onlar səni, sən də özünü aldadırsan. Onların təklifi etdiyi hər hansı müvəqqəti bir məmnunluq hissi verən məşğuliyyət sadəcə anlıq hormonal dəyişkənliyi ilə əldə edilən “süni və müvəqqəti məmnunluq” dur. Hər hansı bir maddə, vasitə və metodla müvəqqəti əldə edilən məmnunluq hissi ilə xoşbəxtliyi qarışdırmamaq lazımdır. O zaman sual olunur, daimi xoşbəxtliyi necə qazana bilərik?

Daimi və həqiqi xoşbəxlik hissi həyatı yaradılma məqsədimizə uyğun olaraq yaşadığımız zaman gəlir. Yəni, əslində, xoşbəxtlik əlçatmaz, mistik bir şey deyil. Daimi xoşbəxtlik insana şah damarından da yaxındır. Daimi, qalıcı, həqiqi xoşbəxtlik hissini daim yaşaya bilmək üçün biz şah damarımızdan daha yaxın olan, Yaradıcımız ilə vəhdət içində yaşamağı öyrəndiyimiz, Yaradıcını tapdığımız, Ona bərk-bərk yapışıb buraxmadığımız zaman dadacağımız bənzərsiz bir hissdir. Bu hiss, əslində, bir insanın dünyada dada biləcəyi ən gözəl hissdir. Xoşbəxtliyi medyanın, reklamların, ətraf mühitin bizə dayatdığı şablonlar çərçivəsində axtarmamalıyıq. O şablonlar çox vaxt sadəcə düşünməyimizi önləyən, beyni uyuşduran, müvəqqəti məmnunluq hissi verən aldadıcı məhsullardır. Ağıllı insanın xoşbəxtliyi bu cür istehsal edilmiş, qiyməti olan süni “xoşbəxtlik” şablonlarına daxil olmamalıdır. Bunun üçün düşünməyi öyrənməliyik, düşünməyi sevməliyik, düşünmək bizə var olduğumuzu hiss etdirəcək. Varlığını hiss edən adamın var olmasına səbəb olan amildən qaçması mümkün deyil. Həyatdan ala biləcəyin ən böyük zövqlərin başında “düşünmək” neməti gəlir. “Nə düşünmək?” Burda nə var ki, hamı düşünür də. Bəs hamı zövq ala bilirmi? Xeyr. Demək ki, əslində, heç də hamı düşünə bilmir. Çünki düşünə bilmək mövcudluğunu hiss etməkdir, varlığının fərqində olmaqdır. Həqiqətən, düşünə bildiyin zaman, mövcud olmaqla olmamağın arasındakı fərqi anladığın zaman düşünə bilməyin necə möhtəşəm bir nemət olduğunu görürsən. Xoşbəxt olmaq üçün özümüzü süni şərtlərə bağlamasaq əgər, içində olduğumuz vəziyyətdən asılı olmayaraq sadəcə düşünərək həyatdan zövq ala bilərik. Düşünən insan olmağı bacarsaq, bizi çevrələyən şərtlərdən müstəqil olaraq daimi rahatlıq hissini, xoşbəxtliyi dada, yaşaya bilərik.