Aktual

“Azərbaycan Qarabağdakı erməniləri xunta rejiminin zülmündən qurtardı” – AÇIQLAMA

Sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi rəsmi şəkildə Qarabağda mövcudluğunu qorumağa çalışan separatçı rejim ünsürləri və bölgədə qalmış Ermənistan Ordusunun qalıqlarına qarşı antiterror addımlarının başadığını elan etdi. Azərbaycan Ordusu bir neçə saat ərzində separatçıların mövqelərinə sarsıdıcı zərbə vurdu və nəticədə separatçı rejim əməliyyatların başlamasından 24 saat keçməmiş ağ bayraq qaldıraraq təslim oldu. Tərksilah olunacaqları barədə öhdəlik götürdülər və Azərbaycanın Yevlax şəhərində Azərbaycan mərkəzi hakimiyyətinin nümayəndələri ilə görüşə gəldilər.

Əməliyyatların qısa zamanda uğurlu keçməsi, separatçıların təslim olması və Yevlax görüşü Azərbaycan cəmiyyətində ən çox müzakirə olunan mövzuya çevrildi. Eyni zamanda bütün dünyada əks-səda doğurdu.

“Füyuzat” mövzu ilə bağlı Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlünün fikirlərini öyənib. O bildirib ki, son əməliyyatlar nəticəsində Qarabağda “boz zona” deyilən bir ərazi, problem aradan qalxdı:

“Separatçı-terrorçu xunta rejimi cəhənnəmə vasil oldu. Bu məsələ tarixə çevrildi. Azərbaycan dövlətinin, dövlət başçısının hər zaman vurğuladığı məsələlər gerçəkləşdi və biz bunun şahidi olduq. Azərbaycan dövləti mülki şəxslərə zərər vermədən sözügedən məsələni həll etmiş oldu. Bu, kifayət qədər böyük və tarixi məqamdır. Düşünürəm ki, bundan sonra məsələlər Qarabağda məskunlaşan və gələcəkdə də Azərbaycan vətəndaşlığı altında bizimlə yaşamaq istəyən ermənilərin reinteqrasiyasına köklənə bilər. Biz ancaq bu məsələlərə diqqət yetirməliyik. Azərbaycan, həmçinin Qarabağdakı erməniləri xunta rejiminin zülmündən və əsarətindən qurtardı. Yevlax görüşünü də bu aspketdən yüksək qiymətləndirirəm”.

Mübariz Göyüşlü Qarabağda Rusiya sülhməramlılarının həlak olmasına da münasibət bildirib:

“Rusiya sülhməramlıları ilə yaşanan hadisədən təəssüflənirəm. İnana bilmirəm ki, bunu Azərbaycan ordusuna mənsub şəxslər törətsin. Azərbaycan ordusu kifayət qədər peşəkar, hərb qanunlarını bilən və situasiyalarda davranmaq qaydalarını dərindən mənimsəmiş bir ordudur. Əgər belə bir hal varsa burada çox ciddi anlaşımazlıq olub. Belə məqamların Azərbaycan-Rusiya münasibətlərinə kölgə salacağına inanmıram. Biz qalib gəlmişik, nəticələr əldə etmişik. Bundan sonra ancaq Qarabağın erməni sakinlərini Azərbaycan konstitusiyası çərçivəsində reinteqrasiya məsələlərinə köklənmişik.  Söhbət ancaq bu yöndəki addımlardan gedə bilər. Hansısa gərginlik yaradan məsələlərdən, iddia və ya tələblərdən söhbət gedə bilməz. Biz buna imkan verməyəcəyik”.