Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ərəfəsində onun tarixi əhəmiyyəti, türk dünyasının inteqrasiyası və elmi perspektivləri haqqında AMEA-nın dosenti Faiq Ələkbərlinin “Füyuzat.az”a eksklüziv müsahibəsini təqdim edirik:
Faiq müəllim, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay Azərbaycanın və bütün Türk dünyasının tarixində dönüş nöqtəsi hesab olunur. 100 il sonra bu qurultayı xatırlamaq və onun irsini yenidən dəyərləndirmək bizim üçün nəyi ifadə edir?
Son əsrlərdə tənəzzül içərisində olan türk xalqları XX əsrin əvvəllərində yeni bir mərhələyə qədəm qoymaq istəyirdi. XVIII–XIX əsrlər türk xalqlarının dövlətçiliyinin zəifləməsi və parçalanması ilə müşahidə olunmuşdu. Ona görə də XIX əsrin sonu – XX əsrin əvvəllərində türk xalqları yenidən toparlanmaq və yeni türk dövlətləri yaratmaq məcburiyyətində qalmışdılar. Belə bir mərhələdə məhz Türkoloji qurultayın keçirilməsi təsadüfi deyildi. Türk xalqları yenidən dirçəlişin yolunu müxtəlif sahələrdə axtarırdı: əlifba məsələləri, dil məsələləri, mədəniyyət məsələləri və s. Türkoloji qurultayda da məhz türk xalqlarının yenidən güclənməsi, yeni bir mərhələyə qədəm qoyması yolları araşdırılırdı. Xüsusilə dil və əlifba məsələləri ön planda olsa da, bütövlükdə bu, mədəniyyətdə yeniləşmə və yeni güc qazanmaq istəyi idi.
Nəzərə alsaq ki, artıq 1926-cı ildə yeganə müstəqil türk dövləti Türkiyə Cümhuriyyəti idi, digər türk dövlətləri isə ya yarımmüstəmləkə vəziyyətində, ya da Sovetlər İttifaqının tərkibində idi, belə bir dövrdə dönüş nöqtəsi axtarışı vacib idi. Türkoloji qurultayda iştirak edənlər əsas gücü terminologiyada, yəni dil və dillə bağlı yeniləşmədə, ərəb əlifbasından imtina etmək və ya onu dəyişdirmək kimi məsələlərdə görürdülər.
Türkoloji qurultay Sovetlər İttifaqında keçirildiyi üçün ciddi nəticələr əldə etmək ümidi az idi. Buna görə də bu ideyalar yarımçıq qaldı. Sovet imperiyası bu ideyaları 1930-cu illərdə hələ başlanğıc mərhələsindəcə boğdu və onların inkişafına mane oldu.
Azərbaycan və digər türk dövlətləri müstəqilliklərini bərpa etdikdən, həmçinin Türkiyə Cümhuriyyəti də yeni güc qazandıqdan sonra, yenidən Türkoloji qurultayın ideyalarına qayıdış baş verdi. Ciddi uğurlar tam əldə olunmasa da, demək olar ki, bugünkü nailiyyətlərimizin təməlində həmin qurultayın rolu var.
Biz bu gün onun irsindən çıxış edirik. Əgər bu irs üzərində dayana biliriksə, deməli, o bizim üçün çox mühümdür. Əcdadlarımızın irsini – dil, əlifba, mədəniyyət, hətta siyasi və digər sahələrdə – düzgün dəyərləndirmək olduqca önəmlidir. Biz Türkoloji qurultayın irsinə sahib çıxmaqla müstəqil türk xalqları olaraq dünyada yeni bir gücə çevrilmə niyyətindəyik.
“Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən tədbirlər barədə fikirləriniz maraqlıdır. Sizcə, bu silsilə tədbirlər Türk dünyasında ortaq dəyərlərin yaşadılmasına və tanıdılmasına nə kimi töhfələr verdi?
100 ildən sonra Türkoloji qurultay çərçivəsində Bakıda “Türk Dünyası Həftəsi”nin keçirilməsi çox önəmlidir. Sevindirici haldır ki, Azərbaycan 100 il bundan əvvəl olduğu kimi yenə də türk məsələlərinin mərkəzidir. Bakı necə ki, 100 il bundan əvvəl Turanın, türklüyün mərkəzi rolunda çıxış edirdisə və türklüyün taleyi ilə bağlı əsas qərarlar burada həll olunurdusa, bu gün də həmin missiyanı davam etdirir.
Vaxtilə Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Hüseyn Cavid və digər böyük şəxsiyyətlərimizin formalaşdırdığı ənənəni bu gün biz davam etdiririk. Bu ənənənin davam etdirilməsində, əlbəttə, Azərbaycan rəhbərliyinin də xüsusi rolunu qeyd etmək lazımdır. Xüsusilə, cənab Prezident İlham Əliyevin türk dövlətlərinin sammitlərində Türkoloji qurultayın keçirilməsi ilə bağlı qərarların verilməsində rolu böyükdür.
Eyni zamanda, cənab Prezidentin çıxışlarında səsləndirdiyi “Bizim ailəmiz Türk dünyasıdır” şüarı olduqca əhəmiyyətlidir. “Türk Dünyası Həftəsi” çərçivəsində də məhz bu ideya ön plana çəkilir. Biz bu dəyər əsasında özümüzü ifadə etməyə çalışırıq.
Bizim üçün əsas dəyərlər türk xalqlarının qədim dövrlərdən gələn ənənələrinə əsaslanır və bu ənənələrə böyük önəm verilməlidir. Ortaq dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi son dərəcə vacibdir. 100 il əvvəl də, 10 əsr əvvəl də, 20 əsr əvvəl də bu belə olub və bu gün də belədir.
Türkü türk edən onun ortaq dəyərləridir, ortaq mirasa sahib çıxmasıdır. Bu, yalnız dil və əlifba məsələsi deyil; eyni zamanda türkün ruhuna, əxlaqına və mədəniyyətinə sahib çıxmaqdır. “Türk Dünyası Həftəsi” çərçivəsində də dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir türk ortaq dəyərlərə sahib çıxır. İstər xristian qaqauzlar, istər buddist tuvalar, istərsə də islam mədəniyyətinin daşıyıcısı olan türk xalqları – dini inanclarından asılı olmayaraq, hamısını birləşdirən ümumi türk mədəniyyəti və kimliyidir. Lakin qeyd etmək lazımdır ki, bu gün türk xalqları arasında əsas kütlə islam mədəniyyətinin daşıyıcılarıdır.
Bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq dil, tarix və mədəniyyət istiqamətində müəyyən addımlar atılır. 1926-cı ilin ideyaları ilə bugünkü inteqrasiya prosesləri arasında hansı oxşarlıqlar və fərqlər görürsünüz?
Əlbəttə, bu gün Türk Dövlətləri Təşkilatının mövcudluğu, ortaq dil, mədəniyyət, tarix və ortaq coğrafiya anlayışlarının formalaşması olduqca önəmlidir. Əslində, 100–150 il bundan əvvəl də bu ideyalar mövcud idi. Bu ideyaların yaranmasının səbəbi isə ondan ibarət idi ki, bir çox türk dövlətləri – Alp Ər Tonqanın qurduğu Turan dövləti, iskitlər, xəzərlər, səlcuqlar, səfəvilər, osmanlılar, türkmən dövlətləri və s. – hamısı böyük bir mirasın tərkib hissəsidir. Biz bu mirası yaşatmaq üçün əlimizdən gələni edirik. Türk Dövlətləri Təşkilatı da məhz bu mirasın davamçısıdır.
100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə də Türk federasiyası ideyasından bəhs edirdi. Eləcə də digər böyük şəxsiyyətlərimiz gələcəkdə türk birliyinin federativ formada olacağına inanırdılar. Bu gün həmin ideyaların müəyyən mənada gerçəkləşdiyini görürük.
Təxminən 100–150 il əvvəl irəli sürülən türk birliyi ideyası bir növ romantik və utopik kimi görünürdü. Bu ideyanın əsas ideoloqları olan Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə və Mustafa Kamal Atatürk kimi şəxsiyyətlər isə bu düşüncələrin reallaşması üçün zəmin yaradırdılar. Bu gün Türk Dövlətləri Təşkilatı məhz onların ideyalarının davamı kimi çıxış edir və həmin miras üzərində yeni bir gücə çevrilmək niyyətindədir.
1926-cı ildə keçirilən Türkoloji qurultayda və ondan əvvəl irəli sürülən ideyalar bu gün də aktuallığını qoruyur. Türk xalqlarının ortaq əlifbası, dil birliyi kimi məsələlər həmin dövrdə də əsas müzakirə mövzularından idi. Necə ki, vaxtilə İsmayıl bəy Qaspıralı “Dildə, fikirdə, əməldə birlik” prinsipini irəli sürmüşdü, Əli bəy Hüseynzadə isə türklüyə dönüşü, islam dəyərlərinə bağlılığı və müasir mədəniyyətə sahib olmağı əsas istiqamət kimi görürdü. Bu ideyalar bir-birini tamamlayırdı.
Əli bəy Hüseynzadə Türkoloji qurultayda iştirak edərkən də bu düşüncələr əsas yer tuturdu. Türkiyədən iştirak edən Fuad Köprülü və digər alimlər də eyni ideyanı müdafiə edirdilər. Qazaxıstan, Tatarıstan, Özbəkistan və digər bölgələrdən gələn alimlər və ziyalılar da ortaq türk ruhunun və gücünün formalaşmasını dəstəkləyirdilər.
Biz bu gün də həmin ideyalara sahibik və onları davam etdiririk. Müəyyən mənada həm oxşarlıqlar, həm də fərqliliklər mövcuddur. O dövrdə də dil məsələsində müəyyən fikir ayrılıqları var idi: ortaq türk dili formalaşsın, yoxsa hər xalq öz milli dilini inkişaf etdirsin? Nəticə etibarilə hər iki istiqamətə önəm verilirdi. Yəni həm milli dillər inkişaf etməli, həm də ortaq ünsiyyət dili formalaşmalı idi.
Eyni zamanda əlifba məsələsində də fərqli mövqelər mövcud idi. Bəziləri ərəb əlifbasının saxlanmasını, bir qismi latın əlifbasına keçidi, hətta kiril əlifbasını müdafiə edirdilər. Lakin əsas məqsəd ortaq dil və əlifba vasitəsilə fərqlilikləri aradan qaldırmaq idi. Fərqliliklərin olması təbiidir, lakin bu fərqliliklər ziddiyyətə deyil, tərəqqiyə xidmət etməlidir. Mənfiyə deyil, müsbət istiqamətə yönəlməlidir.
“Türk Dünyası Həftəsi” çərçivəsində qəbul edilən “Xankəndi Bəyannaməsi”ni türk dövlətləri arasında humanitar və elmi əməkdaşlığın gələcəyi baxımından necə qiymətləndirirsiniz?
“Xankəndi Bəyannaməsi” müsbətə doğru atılmış mühüm bir addımdır. Bu sənəd göstərir ki, biz doğrudan da elmin bütün sahələrində ortaq addımlar atmalı, ortaq düşüncə formalaşdırmalıyıq. Bizim tariximizi, mədəniyyətimizi, dilimizlə bağlı məsələləri və fəlsəfəmizi, demək olar ki, son əsrlərdə başqaları yazmışdır. Nəticədə bizi bir-birimizə qarşı qoymuş, böyüklərimizi və mütəfəkkirlərimizi bir-birinə düşmən kimi təqdim etmişlər.
Biz bu ziddiyyətləri aradan qaldırmalıyıq. Bu bəyannamə göstərir ki, doğru və məqsədyönlü bir yol izləməliyik. Bu yol praktik, real və nəticəyönümlü olmalıdır. Bu cür tədbirlər görüntü xatirinə deyil, gələcəyimizin inkişafına xidmət etməlidir. Bu isə olduqca vacibdir.
Məqsədimiz həqiqi birlik olmalıdır. Bu birlik yalnız nümayiş xarakteri daşımamalı, sözün əsl mənasında dünyaya real mesajlar verməlidir. Bu mesajların əsasında isə elm, bilik və gerçək fəaliyyət dayanmalıdır. Hər bir işin sonuna qədər gedilməsi, nəticə əldə olunması əsas prinsip olmalıdır.
Bu baxımdan, “Xankəndi Bəyannaməsi” türk dünyasının bir növ intellektual mərkəzə çevrilməsi, bütün istiqamətlərdə güclənməsi və Türk Dövlətləri Təşkilatına yeni bir ruh qazandırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Yubiley çərçivəsində süni intellekt texnologiyalarından istifadə edilərək innovativ filmlər hazırlandı və yeni elmi nəşrlər ictimaiyyətə təqdim olundu. Sizcə, türkologiyanı müasir rəqəmsal dünyaya necə inteqrasiya etməliyik ki, gənclər bu sahəyə daha çox maraq göstərsinlər?
Süni intellektlə hazırlanmış, türk dünyasına yönəlmiş filmləri və digər ideyaları müsbət qarşılayırıq. Lakin burada müəyyən yarımçıqlıq mövcuddur. Bütün bunları əsl türk ruhuna arxalanaraq həyata keçirmək lazımdır. Biz tariximizi, mədəniyyətimizi və fəlsəfəmizi tam şəkildə süni intellektin ixtiyarına buraxa bilmərik.
Süni intellekt bizə müəyyən mənada kömək edə bilər, lakin əsas istiqaməti göstərən yenə də özümüz olmalıyıq. Ondan sadəcə bir vasitə kimi istifadə etməliyik. Türklüyümüzü və milli mahiyyətimizi vasitəyə çevirməməliyik.
Süni intellekt vasitəsilə hazırlanan materiallar müəyyən mesajlar versə də, çox vax onlarda tam dolğunluq hiss olunmur. Bu yarımçıqlığın aradan qaldırılması vacibdir. Türk mədəniyyətini, onun böyüklüyünü və dövlətçilik ənənələrini dolğun və təsirli şəkildə ifadə etmək lazımdır.Bu baxımdan, süni intellektin faydalı tərəfləri danılmazdır, lakin biz özümüz bu sahədə daha ciddi və məsuliyyətli işlər görməliyik. Öz ideyalarımızı, düşüncə və baxışlarımızı o qədər zəngin və geniş şəkildə təqdim etməliyik ki, süni intellektdən istifadə edərkən bu zənginlik aydın şəkildə özünü büruzə versin.
Gəncləri də elə istiqamətləndirməliyik ki, onlar türk dünyasının böyüklüyünü dərk edə bilsinlər. Onlar digər xalqlar tərəfindən formalaşdırılmış yanlış təsəvvürlərə deyil, türkün öz mahiyyətindən irəli gələn həqiqətlərə əsaslansınlar, bu dəyərlərlə fəxr etsinlər. Biz gənclərimizi yad ideoloji təsirlərin və saxta təsəvvürlərin ixtiyarına buraxa bilmərik. Türk gerçəkliyini üzə çıxarmaq, onu doğru və dolğun şəkildə təqdim etmək əsas vəzifələrimizdəndir. Bu məqsədlə rəqəmsal texnologiyalardan və süni intellektdən düzgün və məqsədyönlü şəkildə istifadə etməliyik.
Son olaraq, bir alim kimi gənc araşdırmaçılara tövsiyəniz nə olardı? 100 il əvvəl Bakıda əsası qoyulan elmi və mədəni birliyi gələcəyə daşımaq üçün nələrə xüsusi diqqət yetirməliyik?
Ancaq onu tövsiyə edə bilərik ki, gənclər bütün elmləri öyrənsinlər. Qərbdə, Çində, Hindistanda, Rusiyada və digər ölkələrdə mövcud olan elmi nailiyyətləri mənimsəyə bilərlər. Eyni zamanda, ən başlıcası olaraq, türkün öz mədəniyyətini və dəyərlərini də dərindən öyrənməlidirlər. Bunun üçün biz də əlimizdən gələni edirik, müxtəlif əsərlər yazırıq. Hətta yaxın zamanda “Türk xalqları fəlsəfəsi tarixi: qədim dövr” adlı yeni kitabımızın nəşri gözlənilir. Burada əsas məqsədimiz gənclərə yönəlməkdir. Onlar öz keçmişlərini, minilliklər əvvələ uzanan tarixlərini məhz öz mənbələrimiz əsasında tanımalıdırlar. Əgər gənclər ilk növbədə türkün öz ideyalarını bilməsələr, istər-istəməz başqa ideyalara yönələcəklər.
Biz gəncləri yenidən türk dünyasında güclü bir aktora çevirə bilərik. Bunun üçün onları güclü mövqeyə gətirmək vacibdir və bu, türklüyün mahiyyətinə, mənəviyyatına xüsusi önəm verməklə mümkündür. Eyni zamanda, digər xalqları da öyrənmək və tanımaq zəruridir. Lakin bütün bunların mərkəzində türk ruhu, türk əxlaqı və türk mədəniyyəti dayanmalıdır.



