Xəbərlər

Şimali Koreya: ABŞ sualtı qayıqlarının Cənubi Koreyada olmasını pisləyirik

Koreya Xalq Demokratik Respublikası (KXDR) Müdafiə Nazirliyi Amerika nüvə sualtı qayığının Busan limanına daxil olmasını sabitliyi pozan amil və təxribat kursunun təzahürü kimi qəbul edib və bu addımı pisləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

“Fevralın 10-da Los-Anceles sinfinə aid nüvə sualtı qayığı “Alexandria” təchizatı artırmaq bəhanəsi ilə hərbi limana daxil olub. Amerika nüvə sualtı qayığının bu il Koreya yarımadasının sularında ilk dəfə açıq şəkildə görünməsi ABŞ-ın KXDR ilə qarşıdurmada dəyişməz siyasətinin ifadəsi, dövlətimizin təhlükəsizliyinə danılmaz təhdid və regionda hərbi gərginliyi gücləndirən amildir. ABŞ-ın düşmənçilik hərəkətləri regiondakı hərbi qarşıdurmanı əsl silahlı münaqişəyə çevirə bilər. Biz bundan çox narahatıq. Ona görə də, ABŞ-a sabitliyi pozan təxribatlarını dayandırmaq barədə xəbərdarlıq edirik”, – məlumatda bildirilib.