“Eldən-elə” romanını yeniyetməlik çağlarında oxumuşdum. Ötən əsrin 90-cı illərində… “Eldən-elə” əldən-ələ gəzirdi. Əzizə Cəfərzadə həmişə, bütün dövrlərdə ən çox oxunan yazıçılarımızdan biri olub. Bu gün də onun yaradıcılığına olan maraq tükənməyib, əksinə, bir az da artıb. Bu tükənməz sevginin mayasında tarixi həqiqətə sadiqlik, zəngin təxəyyül, koloritli dil, bənzərsiz təhkiyə, vətən sevgisi dayanır. O, bütün əsərlərində Vətəni sonsuz bir məhəbbətlə, övlad sevgisi ilə təsvir edir, oxucunu xalqımızın zəngin tarixinin bütün dolanbaclarında gəzdirir, coğrafi ərazilərimizi xəyalən qarış-qarış dolaşır və bu hüdudsuz torpaqlar, bu torpaqlarda at oynadan cəngavərlər, igidlər, sərkərdələr və onların qəhrəmanlıqları haqqında dastanvari bir dillə hekayətlər danışır.
Klassik şeirimizin zirvələrindən olan Seyid Əzim Şirvani haqqında yazdığı “Aləmdə səsim var mənim” romanı böyük şairə ucaldılmış möhtəşəm ədəbi abidədir. Bu əsəri də gənclik illərində oxumuş və uzun müddət təsirindən çıxa bilməmişdim. Uzun qış gecələrində işığımız sönəndə şam işığında oturub sübh açılıncayadək kitabdan ayrıla bilməmişdim. Heç ağlıma gəlməzdi ki, zaman gələcək, Əzizə xanımın yaradıcılığı ilə bağlı silsilə yazılar yazmalı olacağam, Azərbaycan televiziyasında, müxtəlif tədbirlərdə onun əsərləri, həyatı və mühiti haqqında çıxışlar edəcəyəm. Onun yadigarı, özündən sonra bütün ədəbi irsini yenidən nəşr etdirən oğlu Turan İbrahimovla dostluq münasibətimiz bir sıra layihələrin gerçəkləşməsinə vəsilə olacaq. Bütün bunlar uzaq gələcəkdə baş verəcəkdi. Onda mən heç yazıçı olacağımı güman etmirdim, sadəcə, mütaliə həyatımın yeganə maraq dairəsi idi və mən çoxlu kitablar oxuyurdum. Azərbaycan ədəbiyyatının, demək olar ki, bütün üzdə olan nümayəndələrinin əsərlərini oxumuşdum. Amma Əzizə Cəfərzadə mənim üçün tamamilə ayrı bir mərtəbə, ayrı bir qat idi.
Gələk “Eldən-elə”yə. Bu günlərdə roman “MİMTA Yayımları” tərəfindən “Səyyah” adıyla çap olundu. Romanı yenidən oxudum və bir şey mənə aydın oldu – gəncliyimdə “Səyyah”ı sadəcə bir oxucu kimi oxumuşam və əsərin mahiyyəti, bəlkə də, o vaxt mənə tam aydın olmayıb. Təcrübəsizlik, intellektual bazamın zəifliyi romanın ideya və məzmununu tam dərk etməyimə mane olub. Əksər hadisələri isə tamamilə unutmuşdum. Bir neçə belə əsər var ki, mən onları yetkinlik çağımda yenidən oxuyası oldum və bu dəfə təcrübə mənə yardımçı oldu. Mütaliə boyu qeydlər edir, yazıçının üslubunu daha dərindən mənimsəyir, janrın xüsusiyyətindən irəli gələn gedişləri, yazıçı fəndlərini intuitiv olaraq hiss edirdim. Uzun illərin yazı təcrübəsi bu yöndə mənə xeyli yardımçı oldu.
“Səyyah” romanında ömrünün 37 ilini səyahətlərdə keçirmiş, bu yollarda həyatın hər üzünü görmüş, əsərlərini qaldığı karvansaralarda yazmış böyük alim Zeynalabdin Şirvaninin möhtəşəm obrazıyla qarşılaşırıq. Yazıçı onun doğulduğu gündən son nəfəsinə qədər ömür kitabını qələmə alıb. Ustalıqla, bənzərsiz təhkiyə ilə, mifoloji və folklordan qaynaqlanan təfəkkür süzgəcindən keçirərək monumental bir roman ərsəyə gətirib…