Füyuzat 133

Əmin Abid və istiqlal ruhlu şeirləri

Əmin Abidin mühacirət şeirlərinin pafosunu Azərbaycan istiqlalı və bu istiqlal uğrunda canından keçməyə hazır olan gəncliyin mübarizəsi təşkil edir.

Əsarət zəncirini qırıb atmaq yolunda gəncləri nə Sibirin “Soyuq və qorxunc dənizi”, nə də “buzlu cəhənnəm” qorxudur. Onlar yaxşı bilir ki, “hər donduran qışın bahardır sonu”. Gültəkinin istiqlal şeirləri XX əsrin əvvəllərində yayılmış bir çox şeirlər kimi mücərrəd xarakter daşımır, onun konkret mövzusu, qayəsi var. Bu mövzu və qayə Azərbaycan istiqlalıdır. Artıq bir dəfə Azərbaycan bu müstəqilliyə çatmışdır. Azərbaycanın iyirmi üç aylıq hürriyyətinə qırmızı bolşevik istilası son qoymuşdu. Maraqlıdır ki, bu iki ilə yaxın müddətdə Gültəkinin bu mövzuda şeirləri olmamışdır. Bu şeirlərin yaranma tarixi Azərbaycanın yenicə qazandığı istiqlalını itirməsindən başlayır. Azərbaycan Demokratik Cümhuriyyəti zamanı Azərbaycan ədəbiyyatı istiqlalının özəyini yaşamaqdaydı. 1920-ci ilin aprel işğalından sonra isə bu, istiqlal ədəbiyyatının mövzusu oldu. İstiqlal məfkurəsi siyasi mübarizəsində olduğu kimi, ədəbiyyatda da yaşamını davam etdirdi. Lakin bu amalın yaşaması üçün həm siyasi mübarizədə, həm də ədəbi fikirdə imkanlar məhdudlaşdırılmışdı. İtirilmiş müstəqilliyin geri qaytarılması üçün mübarizə aparanlar ya sovet zindanlarında çürüyür, ya da uzaq Şimalın buzlu şaxtalarının qurbanı olurdu. “İstiqlal, o sönməyən müəbbəd bir məşəl, Könüllərdə tutuşur, gözlərdə sönsə belə” sözləriylə proloq verən şair “Azərbaycan istiqlalı” şeirində yazırdı:

İstiklal, o yaşayan milletin kalbinde can,
İstiklal, o saadet, hayat, zefer, şeref, şan.
İstiklal, o sönmeyen müebbed bir meş’ale
Gönüllerde tutuşur, gözlerde sönse bile!..
İstiklal, o vatanın göğsünden yükselen ay.
İstiklal, o kemikten, kandan yapılmış saray.
İstiklal, o milletin parçalanan bağrından
Gelinlerin, kızların, akan göz yaşlarından
Doğmuş pek mübarek, pek mukaddes bir “İlah”tır,
Hangi bir erkek onu düşmanlara kaptırır?
Anaların saçından ördüğü bir bayrağı
Hangi erkek çıkıp edecek baş aşağı?!
Sen bizimsin, bizimsin, durdukca bedende can,
Yaşa, yaşa, çok yaşa, ey şanlı Azerbaycan!

İstiqlal ideyasının ədəbiyyatımızda intişarı Gültəkin yaradıcılığında bütün dolğunluğu ilə üzə çıxır. O, Azərbaycanda hər şeyin, ədəbiyyatın, incəsənətin, təfəkkürün belə bolşevikləşdiyi, XI Qırmızı Ordunun xilaskar ordu kimi qələmə verildiyi bir zamanda “Bolşevik” (1924) şeirində onun işğalçı mahiyyətini üzə çıxarırdı:

Bürüdü bir qorxunc yel kibi bizi,
Bu dağlarda oldu duman bolşevik.
Qanlara boyandı Xəzər dənizi
Vermədi kimsəyə aman bolşevik.
Bolşevik atını sürdü Araza,
Oğulsuz analar batdılar yasa,
Ey əziz qardaşlar, bu yıl olmazsa,
Gələcək yıl olur viran bolşevik.
Rəngini tökdüyü qandan aldı o,
Dünyaya bir yeni vəhşət saldı o,
Qafqaz onun deyil, bizdən çaldı o,
Oldu bu gün bizə düşmən bolşevik.

Gültəkinin istiqlal şeirləri Türkiyədə “Yeni Qafkaziya” jurnalının ayrı-ayrı saylarında dərc olunmasına baxmayaraq, ilk dəfə bir topluda cəmləşir. Azərbaycan tədqiqatçılarının da istifadə etdiyi bu mənbə 1928-ci ildə İstanbulda çıxmış “İstiqlal uğrunda” adlı şeirlər məcmuəsində dərc edilmişdir. Burada Gültəkindən başqa daha bir neçə istiqlal şairinin şeirləri toplanmışdır. Həmin məcmuədəki şeirlər olduğu kimi yenidən M.B.Məhəmmədzadə tərəfindən 1948-ci ildə “Buzlu cəhənnəm” kitabında çap olunur. Azərbaycan siyasi mühitinə yaxından bələd olan, siyasi mühacirəti yaşayan və onun tarixini yazan M.B.Məhəmmədzadə həm də ədəbi fikrə üstünlük verərək istiqlal şeirlərini çap etdirməklə onun siyasi roluna böyük qiymət vermiş olur. Bu kitab Ə.Abidin sağlığında və ölümündən sonra dərc olunan ilk kitabı olur. Kitaba yazdığı “Gültəkin” adlı ön sözündə M.B.Məhəmmədzadə Türkiyədə və onun xaricində istiqlal ideallarının bədii fikirdəki roluna böyük qiymət verərək yazırdı: “Azərbaycan türkünün milliyyət, hürriyyət və istiqlal uğrunda qızıl rus imperializminə qarşı qanlı savaşını şeir vadisində təmsil edən mücahitlərdən mühacirətdə yetişənlərin başında Gültəkin gəlir” (Gültəkin. “Buzlu cəhənnəm”, İstanbul,1949, s. 3)…

Davamı…