Füyuzat 133 Mübariz Yunus

Ruhların sevindiyi günə vurğunam

Mən ucsuz-bucaqsız səmaya, Günəşə,
Rəqs edərək buluddan sayrışan yağışa,
Gəcənin qaranlığını bürüyən hüzura və hilala,
Dan yerinin ağarmasına, sübhün şəfəqinə,
Ruhların sevindiyi günə vurğunam.

Mən yarpaqların solmayan rənginə,
Güllərin bihuş edən, itməyən qoxusuna,
Quşların qanadlarının səsinə, göydən yerə süzülməsinə,
Dəniz dalğasının xırçınlığına, köpürməsinə vurğunam.
İnsana, ondakı sirrə, qəlbinin riqqətinə, duyğusuna, səmimiyyətinə,
Suların ən gözəlindən olan bərraq göz yaşlarına vurğunam.

Mən körpə qoxusuna, beşikdəki uşağın qığıldamasına,
Sevgisindən köks ötürən anaya,
Şəhidinin qanı hopmuş libasının hərarətinə isinənə,
Başıma sığal çəkən ələ, şəfqətinə,
Sevgilinin diyarından xəfif əsən mehə, rüzgara vurğunam.

Bir sözlə, mən sənə, sənə vurğunam!
İtirdiyim günlər, aylar, illər bağışlasın məni.
Bilməzdim, həsrətinin bu qədər gözəl olduğunu.
Bilsəydim, yamyaşıl çəmənlərdə, çayırlarda
Qollarımı pərvaz edib uçduğumda
İlk sənə uçardım…