“Hindistanın Hind hövzəsində su axını dayandırmaq və ya başqa istiqamətə yönəltmək cəhdi müharibə aktı hesab olunacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Pakistan Baş Nazirliyindən verilən açıqlamada bildirilib.
Açıqlamada Cammu və Kəşmirdə törədilən terror aktından sonra Pakistanın Baş naziri Şahbaz Şərifin rəhbərliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasında qəbul edilən qərarlar yer alıb.
Bəyanatda Hindistanın Hind Suları Müqaviləsinin dayandırılmasına dair birtərəfli qərarı rədd edilib, müqavilənin regional sabitlik üçün vacib olduğu çatdırılıb və Pakistanın su hüquqlarını qorumaq əzmi vurğulanıb.
Hind Suları Müqaviləsi çərçivəsində qanuni olaraq Pakistana aid olduğu düşünülən çaylarda su axınının istiqamətləndirilməsi cəhdinin qəbul edilməyəcəyi də ifadə edilib: “Pakistana məxsus olan su axınının qarşısını almaq və ya başqa istiqamətə yönəltmək cəhdi müharibə elanı kimi qiymətləndiriləcək”.
Açıqlamada Hindistanla bütün ticarətin də dayandırıldığı, həmçinin iki ölkə arasındakı Vagah Sərhəd Qapısının dərhal bağlanacağı qeyd edilib.



