Son günlər Pakistan və İran arasında qarşıdurmaların şahidi oluruq. Belə ki, yanvarın 16-sı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı bazasına ballistik raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib. Zərbələrin ardınca Pakistan İrana nota verib. Hadisə zamanı 2 uşaq həlak olub, daha 3-ü isə yaralanıb. Pakistan daha sonra İrandakı səfirini geri çağırıb. Yanvarın 17-si isə Pakistan İran ərazisinə aviazərbələr endirib. Pakistan Xarici İşlər Nazirliyi bildirib ki, İranın Sistan və Bəlucistan vilayətində terrorçulara hücum edilib. Nəticədə iki ölkə sərhədində partlayışlar qeydə alınıb. Bir neçə terrorçunun zərərsizləşdirildiyi bildirilib. İran mediası isə hücum zamanı 9 nəfərin həlak olduğunu, zərbələrin raket və pilotsuz uçuş aparatları ilə endirildiyini yazıb.
“Reuters” agentliyinin məlumatına görə, Pakistanın Hərbi Hava Qüvvələrinin təyyarələri gecə İranda hədəflərə zərbə endirmək üçün ölkənin hava məkanına daxil olub. Bildirilir ki, təyyarələr hücumdan sonra Pakistan ərazisinə geri dönüb. Əməliyyatda neçə təyyarədən istifadə olunduğu açıqlanmayıb.
Bəs bu iki böyük dövlət aralarında yaşanan bu gərginliyi necə idarə edəcək? Tərəflər uzalaşacaqmı, yoxsa gərginlik növbəti mərhələyə keçib edib iki dövlət arasında müharibəyə çevriləcəkmi?
Bu suala cavab vermək üçün Pakistan və İran arasındakı münasibətlər tarixinə nəzər salmaq lazımdır. Pakistan tərəfi öz müstəqilliyini elan etdiyi zaman onu ilk tanıyan dövlətlərdən biri də İran olub. İlk vaxtlarda Pakistan–İran münasibətləri müsbət istiqamətdə yön alıb və yaxın münasibətlər qurulub. Bu illərdə xüsusilə Sovet təhlükəsini öz xarici siyasətində prioritet hesab edən bu ik ölkə xarici təhlükə baxımından da əməkdaşlıqda maraqlı olub. 1979-cu ilə qədər, yəni İranda İslam İnqilabının baş verməsinə qədər Pakistan–İran münasibətləri müsbət yönümdə inkişaf edib. Bu tarixdən sonra isə hər iki dövlət fərqli dini məzhəblərin hakim olduğu siyasi istiqamətlərdə irəliləyib və münasibətlər pozulmağa başlayıb.
Həmin tarixlərdə İrandakı dini siyasət Ərəb dövlətlərində də xoş qarşılanmayıb. İslam İnqilabından sonra İranın dövlət olaraq xarici siyasətinin tamamilə dəyişməsi Bəsrə körfəzində də yeni siyasi konyukturanın formalaşmasına, həmçinin Pakistanla Ərəb dövlətlərinin yaxınlaşmasına səbəb olub. Xüsusilə Pakistan–Səudiyyə Ərəbistanı münasibətləri yüksək səviyyəyə çatıb. Bu isə o vaxta qədər yaxşı və stabil formalarda təzahür edən Pakistan–İran münasibətlərində yaranmış soyuqluğu artırıb.
Əfqanıstan məsələsində isə iki ölkə arasındakı rəqabət daha da artıb, belə demək mümkündürsə, siyasi münasibətlər qırılğan nöqtəyə dayanıb. Ərəb dövlətləri ilə Əfqanıstan siyasəti üst-üstə düşən Pakistan İranın regional maraqlarına təhlükə kimi görülüb və rəsmi Tehran xarici siyasətini buna uyğun formalaşdırıb.
Ancaq 1991-ci ilə qədər həm Sovet təhlükəsi, həm də regional layihələr və işbirlikləri Pakistan–İran münasibətlərində uçurum yaranmasına bir növ əngəl olub. SSRİ-nin dağılması ilə bölgədə siyasi vəziyyət də dəyişib. Həmin illərdən sonra Pakistan–İran rəqabəti daha da artıb, ziddiyyətlər çoxalıb. 1990-cı illərdə Pakistan tərəfi enerji və digər layihələri reallaşdırmaq, bununla da Pakistan–İran münasibətlərini normada saxlamağa çalışsa da, bəzən regional, bəzən kənar faktorların təsiri ilə bu layihələr tam reallaşdırılmayıb, Pakistan–İran münasibətləri pozulmağa davam edib.
2001-ci ildə, 11 sentyabr hadisələrini bəhanə edən ABŞ və müttəfiqləri Yaxın Şərq və Əfqanıstana müdaxilə edən zaman Pakistan və İran dövlətləri əvvəl də fərqli istiqamətlərdə inkişaf edən Əfqanıstan siyasətində tamamilə üz-üzə dayanıblar. Terrorla mübarizənin yanında yer alan Pakistan bu nöqtədə ABŞ və müttəfiqlərinə qarşı olan İranın hədəfinə çevrilib.
Terror məsələsi isə sadəcə regional faktor kimi yox, hər iki dövklətin daxili məsələsi kimi də Pakistan–İran münasibətlərini zədələyən bir faktordur. Hər iki ölkənin daxilində fəaliyyət göstərən terror qrupları var və bu qruplar kənardan dəstəklənməklə həm Pakistan, həm də İran üçün milli təhlükəsizlik problemi kimi canlı saxlanılır. Təbii, bu nöqtədə dövlətlərin bir-birinə olan inamsızlığı daha da artır və bu inamsızlıq özü də yeni gərginliklərə və problemlərə səbəb verir.
Elə son qarşıdurma da məhz daxili terror problemlərindən doğub və iki ölkə biri digərinin ərazisinə zərbələr endirməklə sivil ölümlərinə yol açıb.
Bəs Pakistan–İran münasibətlərindəki gərginlik kimə sərf edir?
Qeyd etdiyimiz kimi, SSRİ-nin dağılmasından sonra dünyada, eləcə də Asiyada yeni reallıqlar formalaşdı. Paralel olaraq Çin və Hindistanın inkişafa başlaması və bu gün hər iki dövlətin inkişafının pik nöqtəsində olması Pakistan və İran kimi regional güclərin də xarici siyasətinə təsir edən amillərə çevrildi. Əfqanıstanda təhlükəsizlik vəziyyətinin tam bərqərar olmaması, buna paralel olaraq Çinin Mərkəzi Asiya və cənub-şərqi Asiya siyasəti dünya siyasətinin əsas məsələlərindən birinə çevrildi. Hindistanla düşmən münasibətlərə sahib olan Çin bu ölkəyə qarşı mübarizəsində onun tarixi düşməni Pakistanı özünün tərəfdaşına çevirmək istəyirsə, İrandan təmin etdiyi ucuz enerji və digər məhsullarla iqtisadiyyatını inkişaf etdirir və dünya bazarında əsas ölkəyə çevrilir.
Pakistan və İran dövlətləri özü də ayrı-ayrılıqda Çinlə əlaqələrdə maraqlı və qazanclıdırlar. Pakistan Hindistan təhlükəsinə qarşı Çini vacib faktor hesab edir. Eyni zamanda, İran da ABŞ və müttəfiqləri ilə yaşadığı problemlərdə, ona qarşı qoyulan sanksiyaların fəsadlarını azaltmaq məsələsində Çinə əsas iqtisadi tərəfdaş kimi yanaşır.
Beləcə, yəqin etmək olur ki, Pakistan–İran münasibətlərinin pozulması ən başda Qərb blokunun maraqları daxilindədir. Çünki münasibətlərin pozulması Çinin bölgədə öz maraqlarını tam reallaşdırmaq planlarını zədələyəcək və ümumiyyətlə Asiyada güc nisbətinə zərbə olacaq. Həmçinin xaos və pərakəndəlik mühiti formalaşacaq ki, bu halda Qərbin bölgəyə müdaxilə imkanları və təsirini artırmaq fürsətləri daha da artacaq. Ən əsası, Qərb özünün maraqlarına qarşı təhlükə törədən dövlətləri elə öz əlləri ilə zəiflədəcək.
Pakistan–İran müharibəsi nə qədər realdır?
Bir neçə gün əvvəl Pakistan və İranın bir-birinə zərbələr endirməsi müharibə ehtimalının da danışılmasına səbəb oldu. Düzdür, dövlətlər artıq dinc əlaqələri bərpa etmək niyyətlərini açıqlasa da, indi də iki ölkə arasındakı münasibətlərin durğunluğu nəzərə çarpır. Amma bu, Pakistan–İran müharibəsinin başlaması ilə nəticələnəcək kimi görünmür.
Əvvəla, hər iki tərəf fərqindədir ki, kimin qalib gəlməsindən asılı olmayaraq, müharibə iki ölkəni də maddi-texniki və siyasi olaraq çökdürəcək, daxildəki milli narazılıqlar artacaq və proses, hətta, parçalanmaya belə səbəb ola bilər.
İkincisi, necə ki, bir vaxtlar SSRİ təhlükəsini nəzərə alan Pakistan və İran bütün ziddiyyətlərə bu prizmadan baxır, həmin təhlükəni əsas hesab edib qarşıdurmalardan çəkinirdi, bu gün də eyni reallıq var. Hər iki dövlət neoimperial maraqların yaxşı fərqindədir və bu riski əsas təhlükə bilirlər.
Üçüncüsü, Çin faktorunu unutmamaq lazımdır. Çin hər iki tərəfə yeni dünya – yeni üstünlüklər vəd edir və öz siyasi-iqtisadi təsirini istifadə etməklə Pakistan–İran münasibətlərini istiləşdirə bilməsə də, müharibə və xaos ortamının yaranmamasına çalışır.
Dördüncüsü, hər iki dövlət yaxşı bilir ki, onların müharibəyə cəlb olunması regional rəqiblərinin çoxdan gözlədiyi fürsətə çevriləcək. Pakistanın İran kimi böyük güclə müharibəyə başlaması Hindistanda yeni milli bayrama çevrilə bilər. Eyni zamanda, İranın Pakistan kimi böyük güclə müharibəyə başlaması ABŞ və müttəfiqləri üçün nail olmaq istədikləri məqsədə daha qısa zamanda və az itkilərlə çatmaq fürsəti doğacaq.
Xülasə, Pakistan–İran müharibəsi, yaxud hansısa hərbi əməliyyatların başlanması mümkün görünmür. Ancaq Pakistan–İran münasibətlərində soyuqluq davam edəcək, hətta son yaşanan hadisələrdən sonra bu iki dövlətin bir-birinə inanması, etibar mühitinin formalaşması mümkünsüz hala gələcək. Pakistan və İran dövlətləri ikili münasibətlərdə bəzən rəqib, bəzən düşmən olacaqsa, beynəlxalq əlaqələr və çoxtərəfli münasibətlərdə ümumi maraqların tələblərinə uyğun davranacaqlar.