“İran nüvə silahının inkişafının əleyhinədir, bu, ölkənin ali dini lideri Ayətullah Əli Xameneinin dəyişməz mövqeyidir”.
“Füyuzat”ın məlumatına görə, bunu İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib.
“Ali rəhbərin dəfələrlə bəyan etdiyi dövlətin aydın mövqeyi nüvə silahına sahib olmaqdan imtina etmək və nüvə silahı yaratmaq istəyinin olmamasıdır. Bu aydın mövqeyə zidd mövqe tutan hər kəsin İran İslam Respublikasının siyasətinin formalaşmasında yeri yoxdur”, – Pezeşkian bildirib.
O qeyd edib ki, İran nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək kimi ayrılmaz hüququnu qorumaq üçün güc tətbiq edəcək: “Bizim nüvə enerjisindən və bununla bağlı ölkəyə və cəmiyyətə fayda verən tədqiqatlardan faydalanmaq haqqımız var. Bu, İran xalqının ayrılmaz hüququdur. Heç kim onu İslam Respublikasından ala bilməz. Biz bu haqqı güclə müdafiə edəcəyik”.
Qeyd edək ki, 2003-cü ildən İranda respublikanın ali rəhbərinin nüvə silahı istehsalını qadağan edən fətvası (dini əmr) var.



