İsrail ordusunun gecə boyu endirdiyi zərbələr zamanı İran Silahlı Qüvvələrinin “Hatam-al-Anbiya” mərkəzi qərargahının rəisi, SEPAH generalı Əli Şadmani öldürülüb.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları dəqiq kəşfiyyat məlumatları əldə etdikdən sonra, gecə Tehranda baş qərargaha hücum edib və Əli Şadmanini zərərsizləşdirib”, – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, o, iyunun 13-də sözügedən posta təyin edilmişdi.
Şadmani İranın lideri ayətullah Seyid Əli Xaməneiyə ən yaxın yüksək rütbəli hərbi komandanlardan biri idi. Müharibə dövründə İran Silahlı Qüvvələrinin Qərargah rəisi və Fövqəladə Hallar Komandanlığının rəhbəri vəzifəsində çalışıb, həmçinin həm İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK), həm də İran ordusuna komandanlıq edib. O, müxtəlif rollarda İranın İsraili hədəf alan əməliyyat planlarında birbaşa iştirak edib.



