Rusiyanın maliyyə naziri Anton Siluanov Çindən yuanla kredit alınması barədə danışıqlar apardıqlarını, lakin hələlik heç bir qərar verilmədiyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiyanın xəbər agentliyi “RİA Novosti” məlumat yayıb.
“Həqiqətən də dönüş nöqtəsindəyik. İnkişaf etməkdə olan iqtisadiyyatlar artıq potensial baxımından G7 ölkələrini geridə qoyublar. Belə bir transformasiya ağrısız şəkildə baş vermir”, – Siluanov söyləyib.
Siluanov Rusiya və Çinə qarşı tətbiq edilən sanksiyalar və məhdudiyyətlərin də sözügedən transformasiya prosesi ilə bağlı olduğunu və hər bir ölkənin sanksiyalara görə müəyyən itkilər verdiyini bildirib.
“İqtisadiyyatımız keçən il yüzdə 3,6 artdı. Sənaye istehsalı və vətəndaşların gəlirləri də artır”, – Siluanov bildirib.
“Gəlirlər yaxşı vəziyyətdədir, hətta gözləntilərimizdən bir qədər də yüksəkdir. Faiz dərəcələrinin artımının iqtisadi aktivliyə təsir etdiyi aydındır. Ümid edirik ki, inflyasiyanın aşağıya doğru hərəkəti Rusiya Mərkəzi Bankına pul siyasətini yumşaltmağa imkan verəcək”, – nazir qeyd edib.
“Hazırda büdcə qaydasına uyğun olaraq daxili bazardan kreditlər verilir. Yuanla kredit götürmək hüququ da var. Çinli tərəfdaşlarla uzun müddətdir ki, bu istiqamətdə danışıqlar davam edir, lakin hələ ki, bir qərara gəlinməyib”, – Siluanov yekunlaşdırıb.