Yaponiyada meydana gəlmiş və kəsilmiş güllərdən müxtəlif kompozisiyalar yaratmaqdan ibarət ənənəvi yapon sənəti – İkebana.
Bu sözün mənası “çiçəkləri canlandırmaq” deməkdir (ike – “can vermək”, bana/hana – “çiçək”). İkebana sadəcə çiçək düzümü deyil, təbiətlə harmoniyada yaşamaq və daxili sakitliyi tapmaq ideyalarına əsaslanan bir meditativ sənətdir.
İkebana Zen fəlsəfəsi ilə sıx bağlıdır. Zen düşüncəsinə görə, hər şey keçicidir, sadəlik və boşluq da gözəlliyin bir hissəsidir, daxili ahəng yalnız zahiri sadəliklə mümkün ola bilər. İkebanada isə bu fikirlər belə təzahür edir. Az sayda çiçək və boşluqlarla dolu kompozisiyalar da gözəlliyin bir təcəssümüdür. Hər düzüm özünəxas fərqliliyi birləşdirir.
İkebana insanın təbiətlə əlaqəsini təcəssüm etdirir. Düzümdə istifadə olunan hər çiçək, budaq, yarpaq müəyyən mövsümü, təbiət hadisəsini, həyatdakı mərhələləri simvolizə edir və həyatın dövranından bəhs edir: doğum, inkişaf və ölüm.
Bu üsul ilə hazırlanmış kompozisiya 3 əsas elementi birləşdirir və adətən 3 gül budağından ibarət olur. Onlar bəzi inanclara görə, göyü (sin), yeri (tay) və insanı (tae), digərlərinə görə isə Günəşi, Ayı və Yeri simvolizə edirlər.
İkebananın yaranması buddist rahiblərin məbədlərə çiçək təqdim etmə ənənəsinə əsaslanır. Bu ənənə zamanla ritualdan sənətə çevrilərək müxtəlif məktəblərin yaranmasına səbəb oldu. İkebana buddist köklərə malik olsa da, Yaponiyanın təbiətlə dərin bağlarından ilhamlanan bir ənənədir.
Bu sənətdə canlı çiçəklərdən, quru budaqlardan, yarpaqlardan, otlardan, daş, bambuk, dekorativ qablar və s. kimi materiallardan istifadə olunur.
Bu sənətlə bağlı əsas məktəblər aşağıdakılardır:
Ikenobo – XV əsrdə yaranmışdır. Ən qədim və ənənəvi məktəbdir. Rikka və Shoka tərzləri ilə tanınır. İkebananın struktur qaydalarına xüsusi riayət edir.
Ohara – XIX əsrdə meydana çıxmışdır. Təbiətlə harmoniyaya əsaslanan bir üslubdur.
Sogetsu – XX əsrin əvvəllərində yaradılıb. Bu məktəbdə sənətçinin daxili dünyası və hissləri ön plandadır, modern, eksperimental yanaşmalar üstünlük təşkil edir. Bu sənətdə istənilən materialla işləmək olar.
Koryu – XVIII əsrdə yaradılıb. Sadəlik və balans əsaslı estetikaya əsaslanır.
İkebana həm də psixoloji və emosional rahatlıq gətirən bir fəaliyyətdir. Təbiətə toxunmaq, yəni çiçəklərlə işləmək zehni yüklənməni, stressi azaldır və insanı rahatladır. Bu sənətlə məşğul olmaq diqqət yayınmasının da qarşısını alır. Çünki insan istəsə də, istəməsə də, yalnız sənətə – budağa, düzümə önəm verir. Bu da diqqəti bir yerə fokuslamağa yardımçı olur. İkebanada emosiyalar, düşüncələr çiçək düzümü vasitəsilə ifadə olunur. Hər düzüm insanın daxili dünyasının bir əksidir.
Bu gün ikebana Yaponiyada və dünyada sənət forması kimi öyrədilir, sərgilərdə, tədbirlərdə, ev dekorunda istifadə olunur və ən önəmlisi də yapon mədəniyyətini hər yerdə təmsil edir.
Ləman Vahid



