İsrailin Rifaha mümkün quru işğalı çoxlu sayda ölümlə, əhalinin daha çox yerdəyişməsi ilə nəticələnəcək və Qəzzada effektiv humanitar yardım üçün “ölüm fərmanı”nı imzalayacaq.
“Füyuzat”ın məlumatına görə, bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk söyləyib.
O, davam edən bombardmana baxmayaraq, Rifaha 1,5 milyondan çox insanın sığındığını və qəzzada humanitar yardım üçün bir mərkəzə çevrildiyini xatırladıb.
“Beynəlxalq insan haqları və humanitar hüququn, o cümlədən müharibə cinayətlərinin, ola bilsin ki, beynəlxalq hüquq çərçivəsində digər cinayətlərin açıq-aşkar pozulması bütün tərəflər tərəfindən törədilib”, – Türk bildirib.
O, sülh, istintaq və hesabatlılığın vaxtının gəldiyini bildirib. Diplomat xatırladıb ki, Qəzzada ötən ilin oktyabr ayının əvvəlindən 100 mindən çox insan həlak olub və ya yaralanıb, 10 minlərlə insan itkin düşüb və onların çoxunun dağılmış binaların altında olduğu ehtimal edilir.
“İsrailin Fələstin ərazilərini işğalına son qoyulmalıdır. İsrail liderləri fələstinlilərin müstəqil dövlətdə yaşamaq hüququnu qəbul etməlidirlər. Öz növbəsində, bütün Fələstin fraksiyaları İsrailin sülh və təhlükəsizlik şəraitində mövcud olmaq hüququnu tanımalıdır”, – Türk əlavə edib.
Qeyd edək ki, ali komissar əsirlərin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edib. Bunun müqabilində İsrailin minlərlə özbaşına həbs edilmiş fələstinliyə azadlıq verməli olduğunu da bildirib.