Aktual

Politoloq: Azərbaycan Fransa və Ermənistanın planlarını alt-üst etməyə qadirdir

Prezident İlham Əliyev Azərbaycanın Ermənistana hücum etmək planının olmadığını bəyan edib. Prezident Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrellin “Azərbaycan Ermənistana hücum edərsə, acı nəticələrlə qarşılaşacaq” fikrinə qarşı bildirib: “Birincisi, Borrel Azərbaycanın Ermənistana hücum etməyi planlaşdırdığı barədə məlumatı haradan alıb? Bizim belə planımız yoxdur. Bunlar Fransa Prezidenti cənab Emmanuel Makronun eyhamlarıdır. Bütün bunlar Fransanın ölkəmizi demonizasiyaya əsaslanan anti-Azərbaycan siyasətinin tərkib hissəsidir və guya Azərbaycanın belə bir şeyə hazırlaşması ilə bağlıdır”. Sonda prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh prosesinə sadiqdir.

Bəs sülh prosesini pozan hər hansısa bir amil ola bilərmi? Əgər belə olsa, proseslər hansı yöndə dəyişə bilər? Bütün bu proseslərə Fransanın münasibəti necə olacaq?

“Füyuzat” mövzu ilə bağlı politoloq Əlimusa İbrahimovun fikirlərini öyrənib. O bildirib ki, bu gün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi istiqamətində danışıqlar gedir:

“Bu danışıqlar bəzən intensivləşir, bəzən isə bu və ya digər hadisələrin təsiri ilə dayanır və danışıqlarda fasilələr yaranır. Bəzən isə lap atəşkəsin pozulması ilə nəticələnən təxribatlar baş verir. Əlbəttə, heç kim belə sərhədyanı hadisələrin böyük həcmli müharibəyə gətirməyəcəyinə zəmanət verə bilmir. Çünki Azərbaycanın səbri sonsuz deyil və mütəmadi təxribatlara dözmək haqqında öhdəlik götürməyib. Amma Ermənistan həyasızcasına həm sülh müqaviləsi istiqamətində danışıqları bloklayır, həm də sərhəddə davamlı təxribatlar törədir. Ən maraqlısı isə odur ki, Ermənistan özü təxribatlar yaratdığı halda Azərbaycanı ona hücum etməyə hazırlaşmaqda ittiham edir. Ermənistan baş naziri Nikol Paşinyanın Fransada Fransa prezidenti Emmanuel Makronla görüşündən sonra verdiyi bəyanatlar dediyimizə sübutdur. Ermənistan tərəfindən verilən bəyanatlar da onun himayədarları qismində çıxış edən Avropa rəhbərləri və təşkilatları tərəfindən tirajlanır və yeni sürət kəsb edir. Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrellin “Azərbaycan Ermənistana hücum edərsə, acı nəticələrlə qarşılaşacaq” bəyanatını da məhz bu qəbildən qiymətləndirmək lazımdır. Borrell Azərbaycana qarşı düşmənçilik edən tək Avropalı siyasətçi deyil. Onun yanında Makron kimi Azərbaycanın qatı düşməni yer alır”.

Politoloq qeyd edib ki, Makron və Borrell kimilərin məqsədi Ermənistan qarşısında götürdükləri öhdəliyi yerinə yetirməkdir:

“Çünki Ermənistan onun üzərinə qoyulan vəzifəni – Rusiyadan uzaqlaşmaq missiyasını uğurla yerinə yetirir. Amma bunun qarşılığında Ermənistana Rusiyadan gələn təhlükə qarşısında yardım etmək lazımdır. Bu öhdəliyi də Fransa öz üzərinə götürüb. Vəziyyət getdikcə gərginləşir və Fransa Ermənistanı Rusiyanın mümkün təcavüzündən qoruya bilməyəcəyini dərk etməyə başlayır. Elə buna görə də Rusiya Ermənistana qarşı fəaliyyətə başlayana qədər Fransa Azərbaycanla yeni bir müharibənin baş verməsinə çalışır ki, bu müharibə vasitəsi ilə hərbi kontingentini regiona yerləşdirsin. Amma Azərbaycan Ermənistan və Fransadan gələn təxribatlara hələ ki səbirlə dözür. Düşünürəm ki, biz Fransa və Ermənistanın planlarını alt-üst etməyə qadirik və buna nail olacağıq”.