Xəbərlər

Bakıda “Ekoloji tarazlığın və insan hüquqlarının təminatı sahəsində vətəndaş cəmiyyətinin rolunun artırılması” mövzusunda konfrans keçirilib – FOTO

Martın 1-də Bakıda “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində “Ekoloji tarazlığın və insan hüquqlarının təminatı sahəsində vətəndaş cəmiyyətinin rolunun artırılması” mövzusunda konfrans keçirilib.

“Füyuzat”ın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, dövlət rəsmiləri, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tədbiri açaraq Azərbaycanın inkişafının yeni dövrünə qədəm qoyduğunu, yeni hədəflərə doğru inamla və qətiyyətlə irəlilədiyini diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan Vətən müharibəsində birlik və həmrəylik nəticəsində qazandığı Qələbə ilə nəinki region, ümumiyyətlə, dünya ölkələri üçün nümunə göstərib.

“Azərbaycanın Zəfərində hər bir vətəndaşımızın payı var. Sabitliyinin hökm sürdüyü mültikultural ölkəmizdə müxtəlif millətlərin nümayəndələri mehriban şəraitdə yaşayırlar və bu, bir çox ölkələrə nümunədir.

Təbii ki, Azərbaycan inkişafının yeni dövrünə qədəm qoyub və qarşıda bir sıra vəzifələr durur. Bu vəzifələrin yerinə yetirilməsində hər birimiz fəal iştirak etməli, “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində işimizi düzgün qurmalıyıq”, – deyə komitə sədri vurğulayıb.

Milli Məclisin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Azərbaycanın qalib ölkə kimi “Yaşıl Dünya Naminə Həmrəylik İli”ndə dünyanın mötəbər tədbiri olan qlobal iqlim konfransına (COP29) ev sahibliyi edəcəyini bildirib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin andiçmə mərasimində bəyan etdiyi yeni dövr idealı özündə müəyyən siyasi hədəfləri, iqtisadi strategiyaları daşıyır. Burada söhbət təkcə alternativ enerjiyə keçiddən, karbon emissiyalarını sıfra endirməkdən deyil, eyni zamanda, neftdən asılılıqdan xilas olmaqdan gedir. Vurğulayıb ki, Qarabağ müharibəsi 1988-ci ildə Topxana meşəsi ilə başlayan “nifaq ocağı”, 2022-ci ilin dekabrın 12-də Xankəndidə dinc ekoaksiyaçıların “sülh ocağı” ilə yekun mərhələsinə çatdı. Bu, təkcə rəmzi hadisə deyil, həm də ana təbiətin ilahi ədalətidir.

Mina terrorundan da danışan Zahid Oruc bunun təkcə qayıdış prosesinə mane olmadığını, həm də ekoloji tarazlığın pozulmasına gətirib çıxardığını vurğulayıb.

Təbiətin mühafizəsi, ekoloji tarazlığının qorunması, ümumiyyətlə insanların sağlamlığı məsələsinin dövlətimizin daim diqqət mərkəzində olduğunu qeyd edən Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini Zəkiyyə Mustafayeva dünyanın əksər ölkələrində ekoloji tarazlığın pozulmasından yaranan problemlərin aradan qaldırılması haqqında müzakirələrin aparıldığını bildirib. Vurğulayıb ki, bu işdə hər birimiz, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələri fəal iştirak etməlidirlər.

Rəsmi hissədən sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın moderatorluğu ilə “Qərbi Azərbaycana qayıdış: Qadın və uşaq hüquqlarının təminatı” mövzusunda panel müzakirələr keçirilib.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırmağın əhəmiyyətinin qeyd edərək, tariximizin, keçmişimizin təbliğinin vacibliyini diqqətə çatdırıb. O, hər bir vətəndaşımızı Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsində fəal olmağa çağırıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva, “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin layihə koordinatoru Şəhla Tağızadə və Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədr müavini, Azərbaycan Milli Televiziya və Radio Şürasının üzvü Telli Pənahqızı mövzu ilə bağlı fikirlərini səsləndirib, görüləcək işlər barədə danışıblar.

Milli Məclisin deputatı Zahid Orucun moderatorluğu ilə keçirilən “İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə Azərbaycanın rolu” mövzusunda müzakirələrdə deputatlar Fazil Mustafa, Nigar Arpadarai, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, İDEA İctimai Birliyinin layihələrlə iş üzrə şöbəsinin müdiri Zərxanım Ağayeva dünyanı və ölkəmizi narahat edən iqlim dəyişikliyi kimi qlobal problemlə bağlı narahatlıqlarını dilə gətirib ifadə edib, fikir və təkliflərini səsləndiriblər.