Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsrail hakimiyyətinin Qəzza zolağında hərbi əməliyyatlarını genişləndirmək qərarını kəskin şəkildə pisləyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Nazirliyin bəyanatında qeyd olunub.
Bildirilib ki, İsrail dərhal hərbi planlarını həyata keçirməyi dayandırmalı, Qəzzada atəşkəslə razılaşmalı və Fələstin probleminin iki dövlətli həlli ilə bağlı danışıqlara başlamalıdır.
“Biz İsrailin Qəzzada hərbi əməliyyatını genişləndirmək qərarını qəti şəkildə pisləyirik. Bu, onun bölgədəki ekspansionist siyasətində yeni mərhələdir. Netanyahu hökumətinin fələstinlilərə qarşı soyqırımı davam etdirmək və işğalı genişləndirmək məqsədi daşıyan hər bir addımı beynəlxalq sülh və təhlükəsizliyə, regional qeyri-sabitliyi artırmağa və humanitar böhranı dərinləşdirməyə gətirib çıxarır.
Bölgəmizdə davamlı sülhün bərqərar olması yalnız beynəlxalq hüququn aliliyi, diplomatiyanın üstünlüyü və fundamental insan hüquqlarının qorunması əsasında mümkündür. İsrail dərhal hərbi planlarını dayandırmalı, Qəzzada atəşkəslə razılaşmalı və Fələstin probleminin iki dövlətli həlli ilə bağlı danışıqlara başlamalıdır”, – bəyənatda qeyd olunub.



