Xəbərlər

Norveç sursat təşəbbüsü üçün Ukraynaya 153 milyon dollar ayırıb

Norveç Çexiyanın Ukraynaya silah-sursat vermək üçün başlatdığı təşəbbüsə 153 milyon dollar ayıracaq.

“Füyuzat”ın məlumatına görə, bunu Norveçin baş naziri Jonas Gahr Store bildirib.

Baş nazir açıqlamasında Ukraynanın Rusiyaya qarşı müqavimət göstərmək üçün təcili olaraq böyük miqdarda sursata ehtiyacı olduğunu və Çexiyanın Ukrayna üçün sursat almaq təşəbbüsü çətçivəsində 1,6 milyard Norveç kronu (təxminən 153 milyon dollar) ayıracağını bildirib.

Sursat çatışmazlığının Ukraynanın özünümüdafiə gücünü məhdudlaşdırdığına işarə edən Store, sursat tədarükünün Kiyevə şiddətli hücumlara müqavimət göstərmək imkanı verəcəyini bildirib.

Norveç hökumətindən verilən açıqlamada Norveç Silahlı Qüvvələrinin öz ehtiyatlarından sursat verməklə yanaşı, Ukrayna üçün sursat toplamaqda Danimarka ilə əməkdaşlıq etdikləri qeyd edilib.

Açıqlamada 2024-cü ildə Kiyevə hərbi dəstək verilməsi üçün mühüm qərarların alındığı, Norveç, Avropa İttifaqı və müttəfiqlərinin uzunmüddətli perspektivdə müdafiə sənayesinin istehsal gücünü artıracaq tədbirlər həyata keçirdiyi bildirilib.

Qeyd edək ki, Çexiya Ukraynaya dünyanın hər yerindən yüz minlərlə tank və artilleriya mərmisi almaq təşəbbüsü ilə çıxış etmişdi. Financial Times-ın məlumatına görə, təşəbbüs çərçivəsində Ukraynaya 1,5 milyard dollar dəyərində sursat veriləcək.

Ukraynanın üzləşdiyi sursat çatışmazlığına səbəb ABŞ Konqresinin Ukraynaya hərbi yardım paketini hələ də təsdiq etməməsidir.