Ukrayna hakimiyyəti cəbhədə vəziyyət pisləşərsə, Ukrayna Silahlı Qüvvələrinə çağırış yaşını 23, hətta 18 yaşa endirməklə səfərbərliyi gücləndirmək qərarına gələ bilər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ukraynanın “Strana” nəşri Ali Radanın bir neçə deputatına istinadən məlumat yayıb.
Sentyabrın 16-da hakim “Xalqın qulluqçusu” fraksiyasından olan parlament üzvləri ilə qapalı görüşdə prezident Volodimir Zelenski Kiyevin döyüş meydanında vəziyyəti pisləşərsə, müəyyən “çətin qərarlar” qəbul edəcəyini açıqlayıb. “Strana” Radanın bir neçə üzvü ilə danışıb və müəyyən edib ki, bu qərarlar Kiyevin nizamlanmada güzəştə getməsini nəzərdə tutmur, əksinə, münaqişəni davam etdirmək üçün səfərbərliyini gücləndirməklə bağlıdır.
Ukraynalı deputatlar qeyd edir ki, müzakirə ya səfərbərlik yaşının 23, hətta 18-ə endirilməsi, ya da yüz minlərlə kişini ehtiyatdan məhrum edib cəbhəyə göndərmək üçün rezervasiya şərtlərinin sərtləşdirilməsi ilə bağlı ola bilər.



