“Hökumət əleyhinə aksiyalar keçirmək üçün hər axşam Tbilisinin Rustaveli prospektində kiçik qruplar şəklində toplaşan müxalifət üzvləri və onların tərəfdarları yerli terrorçulardır”.
“Füyuzat”ın məlumatına görə, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
Gürcüstanın qanunverici orqanının rəhbəri nümunə kimi ABŞ-da siyasi fəal Çarli Kirkin qətlindən sonra yaranmış vəziyyəti göstərib. Ağ Ev və ABŞ prezidenti Donald Tramp dəfələrlə hadisəni və Kirkin öldürülməsini dəstəkləyənləri daxili terror kimi qiymətləndirib: “Prezident Trampın daxili terrorizm adlandırdığı şey burada da baş verir. Bizdə də gecələr emosional həyəcan keçirən insanlardan ibarət oxşar terror qruplaşması var və onların küçələrdə hərəkət etdiyini görürük. Səhərlər müşahidə etdiyimiz kimi, Allahın köməyi ilə onlar sakitləşirlər. Şəhər dinc yaşaya bilir. Lakin gecələr onlardan ehtiyatlı olmalıyıq, çünki onlar hücuma keçirlər”.
Spikerin sözlərinə görə, gürcü etirazçılar Kirkin qatilinin ideologiyasının davamçılarıdır: “Bu, bu gün Amerika Birləşmiş Ştatları üçün problemlər yaradan eyni terror ideologiyasıdır”.
Papuaşvili cəmiyyəti ehtiyatlı olmağa çağırıb: “Yerli terrorçulardan heç nəyi istisna etmək olmaz”.



