Xəbərlər

Əfqanıstanda universitetlərdə qadınların yazdığı kitablardan istifadə qadağan edilib

Əfqan hökuməti qadınların yazdığı kitabların universitetlərdə tədris olunmasını qadağan edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Britaniya Yayım Korporasiyası (BBC) ədəbiyyata baxışdan məsul olan komitənin adı açıqlanmayan üzvünə istinadən xəbər yayıb.

Yeni qaydalara əsasən, qadınların təxminən 140 kitabı şəriət və hökumət siyasətinə zidd hesab edilən 679 nəşrdən ibarət siyahıya daxil edilib: “Qadınlar tərəfindən yazılmış bütün kitabların tədrisdə istifadəsinə icazə verilmir”.

Bundan başqa, universitetlərə 6-sı qadınlarla bağlı olmaqla, şəriət qanunlarına zidd olan 18 fənnin tədrisi qadağan edilib. Bununla belə, Əfqanıstan hakimiyyəti ölkənin qəbul edilmiş norma və ənənələri çərçivəsində qadınların hüquqlarına hörmət etdiyini iddia edir.

Mart ayında Əfqanıstan Jurnalistlər Mərkəzi məlumat vermişdi ki, Taliban Qəndəhar əyalətində radioda əyləncə proqramlarında qadınların səsini və qadınlarla bağlı mesajları qadağan edib.