26–30 sentyabr tarixlərində Bakıda 8-ci Türk Film Günləri keçiriləcək. Tədbir sentyabrın 26-da Nizami Kino Mərkəzində qala gecəsi ilə başlayacaq.
“Füyuzat”ın AZƏRTAC-a istinadən məlumatına görə, film günləri Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsi, Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafiya Agentliyi, eləcə də Türkiyənin Azərbaycandakı Səfirliyinin dəstəyi, Yerli Düşüncə Cəmiyyətinin (Türkiyə) təşkilatçılığı ilə reallaşır. Layihəyə dəstək verən təşkilatlar arasında Bakı Yunus Əmrə İnstitutu da var.
Builki film günlərinin fəxri qonağı Türkiyənin tanınmış aktrisası, “Yeşilçam”ın ulduzu Hülya Koçyiğit olacaq. İlk dəfə Azərbaycana gələcək sənətkar qala mərasimində tamaşaçılarla görüşəcək. Açılışda Hülya Koçyiğitin baş rolu canlandırdığı məşhur “Gəlin” filmi (1973) nümayiş olunacaq.
Layihənin əsas məqsədi iki qardaş ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsidir.
Qeyd edək ki, filmlərin nümayişi ödənişsiz olacaq və tamaşaçılar 5 gün ərzində türk kinematoqrafiyasının seçilmiş nümunələrini izləmək imkanı əldə edəcəklər.



