Xəbərlər

Azərbaycanlı tədqiqatçının Türkiyədə uğur hekayəsi

Azərbaycanlı gənc tədqiqatçı Emil Məmmədzadə Giresun Universiteti Mühəndislik Fakültəsinin müəllimləri Prof. Dr. Ayhan Kara və Doç. Dr. Faruk Güner ilə birlikdə yaratdığı “GRSN-28 HydroNaval” komandası ilə Türkiyənin ən böyük texnologiya festivalı olan TEKNOFEST-də mühüm uğura imza atıb.

Elm və texnologiyaya olan marağı və yorulmaz zəhməti ilə qısa müddətdə diqqət mərkəzinə çıxan Emil Məmmədzadə festivalın “Nüvə Enerjisi Texnologiyaları Dizayn Yarışması – Konseptual Nüvə Reaktor Dizaynı” kateqoriyasında təqdim etdikləri layihə ilə ikinci yer qazanaraq həm universitetin, həm də ölkəmizin adını ucaldıb. Bu layihə ərimiş duz bazlı kiçik modulyar reaktor (SMR) dizaynı üzərində qurulmuş innovativ bir konseptdən ibarətdir. GRSN-28 HydroNaval dizaynı həm elektrik, həm də hidrogen istehsal edə bilən hibrid enerji sistemi olaraq gələcək enerji ehtiyaclarına çevik və dayanıqlı həll təqdim edir. Təqdimat zamanı reaktorun bir sıra üstünlükləri xüsusi vurğulanmışdır:

  • Mənfi temperatur əmsalı və passiv soyutma sistemi ilə yüksək təhlükəsizlik səviyyəsi;
  • Yalnız 6 m³-luq nüvə (core) həcmi ilə kompakt quruluş;
  • Yerli toryum ehtiyatlarının istifadəsi və %80-ə yaxın yerlilik hədəfi;
  • Mülki enerji təminatında və dənizaltılar kimi hərbi platformalarda istifadəyə uyğun çevik dizayn.

Layihənin neytronik və istilik-hidravlik analizləri beynəlxalq təhlükəsizlik standartlarına uyğunluğunu sübut etmiş, təqdimat isə detallı cədvəllər və texniki əsaslandırmalarla dəstəklənmişdir. Bu uğur yalnız bir yarışmanın nəticəsi deyil, həm də Emil Məmmədzadənin nüvə enerjisi sahəsində innovativ yanaşmasının, yaradıcılıq gücünün və elmi fəaliyyətlərindəki peşəkarlığının bariz göstəricisi oldu. Onun məqsədi yaxın illərdə həm Türkiyədə, həm də beynəlxalq elmi mühitdə nüvə texnologiyaları üzrə öncül layihələr həyata keçirməkdir.

Qeyd edək ki, Emil Məmmədzadə 1999-cu ildə Azərbaycanın Qax rayonunun Güllük kəndində dünyaya gəlib. İlk və orta məktəb təhsilini Mirzə Ələkbər Sabir adına Güllük kənd tam orta məktəbində başa vurub. 2017-ci ildə ali təhsil yoluna qədəm qoyaraq Türkiyənin Giresun Universiteti, Elektrik-elektrotexnika mühəndisliyi fakültəsində bakalavr təhsilinə başlayıb və 2022-ci ildə məzun olub. Daha sonra həmin universitetdə magistratura təhsilini uğurla başa vurub. Hazırda isə fizika sahəsində doktorantura təhsilini davam etdirir. Emil Məmmədzadənin tədqiqat sahələri nüvə mühəndisliyi, Monte Karlo simulyasiları, radiasiya və reaktor fizikasıdır. O bir neçə beynəlxalq jurnalda nüvə yanacağı performansı, neytron emissiyası və müxtəlif reaktor analizləri ilə bağlı elmi məqalələr dərc edib.