“Beynəlxalq kitab sərgisi Azərbaycan üçün böyük elmi-mədəni hadisədir”.
“Füyuzat”ın məlumatına görə, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində səsləndirib.
O belə sərgilərin ölkədə çap və oxu mədəniyyətinin inkişafına xidmət etdiyini vurğulayıb.
Akademik hər il keçirilən beynəlxalq kitab sərgisinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu isə kitabın Azərbaycan vətəndaşının həyatında həmişə önəmli rol oynadığını bildirib. Deputat bir həftə davam edəcək beynəlxalq sərgini mədəni hadisə kimi qiymətləndirib.
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva sərgidə 250-dən çox tədbirin keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb:
“Bu kimi sərgilər mədəni maarifləndirmə prosesi üçün çox böyük təşəbbüsdür. Bu, cəmiyyətdə hüquq düşüncəsi və mədəniyyətinin inkişafına töhfə verir”.



