Xəbərlər

Natiq Məmmədlinin “Sev” romanının təqdimatı keçirilib

Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçən 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini, tarix üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist, yazar Natiq Məmmədlinin “Sev” romanının təqdimatı keçirilib. Mərasim “Nizami Gəncəvi” təqdimat zonasında baş tutub.

Təqdimat mərasimini giriş sözü ilə açan Əməkdar jurnalist, yazar Yunis Orucov oxucuları salamlayıb, bu romanın Azərbaycan ədəbiyyatına, xüsusilə milli köklərə bağlı müasir ədəbiyyata töhfə olduğunu qeyd edib: “Müəllif bu kitabda bizim keçmişimizə, tarixi yaddaşımıza müraciət edib”.

Daha sonra müəllif Nadir Məmmədli oxucularına xitab edərək kitabın ərsəyə gəlməsindən, romana məhz bu adın seçilməsindən, nəşr prosesindən bəhs açıb. Qeyd edək ki, “Sev” romanı “TEAS Press” nəşriyyat evi tərəfindən nəşr olunub.

“Ədəbiyyatın hədəf auditoriyası gənclər olmalıdır. “Kitabı niyə oxumalıyıq?” sualına gərək gənclər cavab axtarsınlar. Süni intellekt elə bir səviyyəyə çatacaq ki, biz insan intellektinin, insan yaşantısının önəmini daha çox anlayacağıq. Bu duyğulardan ən alisi isə sevgidir. Mən sizə sevməyi, həyatı, oxumağı, insanlığı sevməyi arzulayıram”, – müəllif Natiq Məmmədli qeyd edib.

Əfsanəvi məhəbbət aşığı Sarı aşığın hekayəsini təcəssüm etdirən və müxtəlif coğrafiyalara, zamanlara səyahətlə başlayan bu roman iki fərqli mədəniyyətə malik gəncin məhəbbət dastanını söyləyir.

Roman dünyanı bir mətnə sığdırmağa cəhd edərək universum yaradır. Romanda postmodernist elementlər, realizmə ironiya, qloballaşmaya yeni münasibət, modern dünya nizamına, XXI əsrdə tərk-silah olunmuş ədəbiyyata müəllifin özünəxas baxış bucağı əks olunub. Bu baxımdan “Sev” öz fəlsəfi-estetik mesajları ilə ənənəvi sevgi romanı çərçivələrindən kənara çıxır. Hadisələr dünyanın müxtəlif yerlərində, fərqli zamanlarda cərəyan etsə də, sevənlər Odlar yurduna can atır. Epiqrafda əsəri başa düşməyin asan yolu da göstərilir: “Yalnız sevənlər anlayar”.

Qeyd edək ki, yazar Natiq Məmmədli “Ləyaqət düsturu”, “Bekketə salam”, “Qəhrəmanım sənsən” kitabları, “Dumana bürünmüş”, “Əmanət”, “Müqəvva” pyesləri, “Körpüdə” ümid romanının da müəllifidir.

Sonda görüşdə iştirak edən oxucuların sualları cavablandırılıb, yazarla xatirə fotosu çəkilib.