Xəbərlər

Rusiyada törədilən terror aktı nəticəsində ölənlərin sayı 144-ə yüksəlib

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində həyatını itirənlərin sayı 144-ə yüksəlib.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiyanın Səhiyyə naziri Mixail Muraşko Moskvada jurnalistlərə verdiyi açıqlamada bildirib.

O qeyd edib ki, martın 22-də “Crocus City Hall” konsert salonunda törədilən terror aktı nəticəsində yaralananların müalicəsi davam edir.

Müalicə alanlardan birinin bu gün dünyasını dəyişdiyini bildirən Muraşko deyib: “Təəssüf ki, vəziyyəti son dərəcə ağır olanlardan biri dünyasını dəyişdi. Həkimlər mümkün olan hər şeyi etdi”.

Muraşko qeyd edib ki, 17-nin vəziyyəti ağır olan 69 nəfər xəstəxanalarda müalicə olunur.

Rusiya Fövqəladə Hallar Nazirliyinin martın 27-də verdiyi açıqlamada hücumda həyatını itirənlərin sayının 143-ə yüksəldiyi bildirilmişdi.

Qeyd edək ki, martın 22-də axşam saatlarında Rusiyanın paytaxtı Moskvada yerləşən “Crocus City Hall” konsert zalında silahlı şəxslər tərəfindən terror aktı törədilib. Sosial mediada paylaşılan görüntülərdə təcavüzkarların zalda avtomat silahlarla təsadüfi atəş açdıqları görülüb.

Rusiya prezidenti Vladimir Putin hücumu həyata keçirən 4 terrorçu da daxil olmaqla 11 nəfərin ələ keçirildiyini açıqlayıb.