Ankarada Hacı Bayram Vəli Universitetinin 100 illik yubileyinə həsr olunmuş Mədəniyyət Mərkəzində Azərbaycanın görkəmli ədəbiyyat xadimi, şair, pedaqoq və ictimai xadimi Əhməd Cavadın anım mərasimi keçirilib.
“Füyuzat” “Report”a istinadən xəbər verir ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) Əhməd Cavad İnstitutu və Azərbaycanın Ankaradakı səfirliyinin Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə qardaş ölkələrdən diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri, Türkiyə Böyük Millət Məclisinin deputatları, tələbələr, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tədbir iştirakçıları qarşısında çıxış edərək Ə.Cavadın yaradıcılığını “Türk dünyasının birləşmə amili” adlandırıb:
“Görkəmli şair öz ölkəsinin əsl vətənpərvəri idi, təkcə Azərbaycan xalqına deyil, türk xalqına da dərin rəğbət bəsləyir, qardaş ölkəsinə hər cür dəstəyi verməyə çalışırdı”.
Toplantıda Azərbaycanın dövlət himninin sözləri müəllifinin xatirəsinə həsr olunmuş “TRT Avaz” televiziya kanalının istehsalı olan sənədli film təqdim olunub.
Tədbirdə Stalin repressiyalarının qurbanı olmuş türk ziyalılarının nümayəndələrinə həsr olunmuş fotosərgi nümayiş etdirilib.



