Kültür-sənət Orxan Vəliyev Xəbərlər

Meksika: uzaqlarda bir dünya

Meksika ilə ilkin tanışlığım Maradonanın, Türkiyədəki illərindən tanıdığımız Georgi Haginin də yer aldığı futbol üzrə məşhur 86-cı il dünya çempionatı ilə olmuşdu. Atam elə hey imkan düşdükcə həmin çempionatdan danışardı. Bəlkə də, gənclik illərində baxdığı tək çempionat olduğundan xüsusi şövqlə danışırdı. İşim yoxdur… Qısası, Meksikanı bu şəkildə tanımışdım və sonrakı illərdə ta ki Xəzər Universiteti ilə yollarım kəsişənə qədər həyatımın heç bir mərhələsində Meksika, yaxud ümumilikdə Latın Amerika ilə bağlı xüsusi bir təmasım olmadı.

2023-cü ilin adət etdiyimizdən fərqli olaraq çox da soyuq olmayan yanvar günü bir dəvət vəsiləsilə akademik fəaliyyətimə qısa müddət ərzində həyatıma çoxşaxəli müsbət təsiri olacaq Xəzər Universitetində davam etmək qərarına gəldim. Xəzərə keçidimdən qısa müddət sonra universitetin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri professor Hamlet İsaxanlı məni siyasi elmlər və fəlsəfə departamentinin müdiri olaraq təyin etdi. Ümumiyyətlə, Xəzər Universiteti və həyatıma təsirinə dair ayrıca bir yazı yazmaq lazımdır… Qısaca onu deyim ki, ora bir məktəbdir və oranı uğurla keçənlər üçün müvəffəqiyyət qaçılmaz bir nəticədir… Xəzər, əslində, Azərbaycan üçün Frensis Bekonun axtarışında olduğu Yeni Atlantisdir…

Beləliklə, Azərbaycanın ilk ingilis dilli və çağdaş dünya ilə ilk akademik əlaqələr qurmuş kafedradakı fəaliyyətimiz beləcə başlamış oldu. Kafedranın tarixində səfirliklərlə əməkdaşlığın köklü ənənəsi vardır… Akademik tədqiqat, tədrislə yanaşı, bu ənənənədən də geri qalmamağa çalışdıq və ilk dəvət etdiyimiz səfir Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri – xanım Viktoria Romero oldu. Xanım səfir iki ölkə arasındakı gələcək tərəfdaşlıq imkanları ilə yanaşı, öz ölkəsi haqqında təfsilatlı və maraqlı bir təqdimatla çıxış etdi. Beləliklə, Meksika səfirliyi və səfiri ilə əməkdaşlığımız, dostluğumuz xanım səfirin əməkdaşlığa olan adanmışlığı ilə daha da inkişaf etdi. Sonrakı tədbirlərdə Meksika səfirliyi ilə əməkdaşlığımız genişləndi və səfirin müavini, dəyərli dostum cənab Rodolfo Ivan Garcia Gonzalezin sayəsində münasibətlərimiz daha da genişləndi.

Adətən, səfirliklər elm adamlarını, siyasətçiləri, sənətçiləri, qısası, ictimaiyyət önündəki insanları hansısa tarixi zəfər gününün və s. qeyd edildiyi resepsiyonlara dəvət edirlər. Ancaq dünya siyasətinin də gərgin bir dövrdən keçdiyi bu günlərdə Meksika səfirliyindən ölkədən ilk dəfə kənara çıxarılan bir sərginin açılışına dəvət aldım…

Dieqoya da yaxşı bir gələcəyin vədi…

Payızdan çox yazın, yayın istisi hiss edilən 14 oktyabr günü yetişdim Bakının ən gözəl muzey məkanı olan. Azərbaycan milli incəsənət muzeyinə… adətən, bu qəbildən olan tədbirləri çox önəmsəyirəm, ona görə ki burada həm rəsmi dairələrdən olan adamları, həm bizim kimi akademik mühitdən olan insanları və nəhayət, mövzunun ustadı sənətçiləri eyni məkanda görmək mümkün olur…

Xanım səfir adəti üzrə qonaqları xoş sözlərlə qarşıladı və tədbir açılışı ərəfəsində artıq alışdığımız kimi rus və azərbaycan dilində danışıqlar, kimlərinsə çox da anlaşılmayan azərbaycan dilində danışmaq cəhdi son dərəcə maraqlı idi… sənət tarixçisi bir alim Meksika ilə Azərbaycan arasında kültür oxşarlığından danışanda yanımdakı kübar xanım mənim üçün təəccüb doğuracak şəkildə orada türk kültürünün varlığından danışaraq bu oxşarlığın normal olduğunu deyərək qısıq səslə etiraz etdi..

Tədbirin açılışına çox dəyərli insanlar gəlmişdi… bəzi bürokratlar var idi ki, yağlı boya çalışmaları olduğunu bilirəm… tədbir xanım səfir və meksikadan gələn xüsusi qonağın çıxışları ilə başladı və sonra nümayiş edilən əsərləri seyrə daldıq…

Beləcə, yorğun bir günü sənətlə tamamlamağın xoşhallığı ilə ayrıldıq məkandan…

Sərginin afişası

Meksika səfirinin müavini cənab Rodolfo Ivan Garcia Gonzalez ilə (adətim üzrə bütün resepsiyonlarda olduğu kimi adi su içəcəyi və mən)