Əhməd bəy Ağaoğlu XX əsrin əvvəllərində həm Azərbaycan, həm də ümumtürk ictimai-siyasi və mədəni həyatında dərin iz qoymuş maarifçi, ictimai xadim, publisist və ideoloq kimi tanınır. Onun fikirləri və fəaliyyəti xüsusilə türk tarixi düşüncəsi və milli ideoloji istiqamətində mühüm yer tutur. Əhməd Ağaoğlunun idarəçiliyində qurulan və türk zehniyyətində əhəmiyyətli yer tutan “Anadolu Agentliyi” bir sıra çətinliklərə rəğmən, üzərinə düşən vəzifələri layiqincə icra etmiş, xüsusilə də mətbuat orqanlarının çətin şəraitdə fəaliyyətini davam etdirməsində həlledici rol oynamışdır. Ağaoğlunun I Türk Tarixi Konqresində iştirakı onun türk milli tarix düşüncəsini və ideoloji mövqeyinin öyrənilməsi cəhətdən böyük əhəmiyyət kəsb edir. Ağaoğlu o dövrdə tarixi araşdırmalar apararkən qədim türk cəmiyyətlərinin hüquq strukturları ilə Qərbdəki hüquq sistemlərini müqayisə etmişdir. Türk cəmiyyəti və Hind–Avropa cəmiyyətlərinin ailə hüququ arasındakı fərqləri müəyyənləşdirmək üçün dərin təhlillər aparmışdır. Onun fikirləri və fəaliyyəti türk tarixi düşüncəsi və milli ideologiyası istiqamətində önəmli yerə malikdir.
Əhməd Ağaoğlu türk millətinin tarixini və mədəniyyətini dərindən öyrənmiş, onu Avropa sivilizasiyası ilə müqayisəli şəkildə analiz etmişdir. O, türklərin qədim dövrlərdən bəri öz dövlətçilik ənənələrinə və yüksək mədəni dəyərlərə sahib olduğunu vurğulamışdır. Ağaoğluna görə, türk xalqının zəngin keçmişi onun gələcək milli dirçəlişi üçün mühüm təməl rolunu oynayır. O, tarixi yalnız keçmişin öyrənilməsi kimi deyil, həm də milli şüurun formalaşması və gücləndirilməsi üçün əsas vasitə kimi qiymətləndirirdi.
Ə.Ağaoğlu Osmanlı imperiyasının son çağlarında və cümhuriyyət dönəmi Türkiyəsinin ilk illərində türkçülük ideyasının ən önəmli daşıyıcılarından biri olmuşdur. O, türklərin ortaq tarixi yaddaşını əsas götürərək müxtəlif coğrafiyalarda yaşayan türklər arasındakı mənəvi və mədəni birliyi gücləndirməyə çalışırdı. Ağaoğlunun milli ideologiyası, əsasən, üç əsas prinsip üzərində qurulmuşdur: milliyyətçilik, maarifçilik və liberalizm…



