Noyabrın 17-dən 21-dək quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək.
“Füyuzat” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.
Monitorinq çərçivəsində risk əsasında müəyyən edilmiş ovçuluq təsərrüfatları və milli parkların su-bataqlıq, dənizsahili zonaları, eləcə də digər əraziləri əhatə olunacaq. Bu müddətdə vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkarlanması məqsədilə müəyyən sayda vəhşi quş ovlanacaq, həmçinin müxtəlif həcmli sənaye əsaslı quşçuluq müəssisələrində və bir sıra rayon və şəhərlərdəki ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək.
Həmçinin ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçiriləcək, baytarlıq norma və qaydalarına əməl olunması istiqamətində məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri aparılacaq və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
Monitorinqlər zamanı əldə olunan nəticələr və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect 5” proqramına daxil ediləcək.
Monitorinqlərdə AQTA-nın, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin, yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları iştirak edəcəklər.
Tədbirlər müddətində götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinədən keçiriləcək.



