Xəbərlər

Siyarto: Macarıstan NATO-nu Rusiya ilə qarşıdurmaya aparan istənilən qərara qarşı olacaq

Macarıstan NATO-nun Brüsseldə keçiriləcək iclasında Ukraynada münaqişənin gərginləşməsinə, Rusiya ilə birbaşa qarşıdurmaya və üçüncü dünya müharibəsi təhlükəsinə səbəb ola biləcək istənilən təkliflərə qarşı çıxış edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Şimali Atlantika Alyansından (NATO) olan həmkarları ilə iki günlük görüşə yola düşərkən bildirib.

“Macarıstan yaxın iki gün ərzində Ukraynada hərbi əməliyyatların genişlənməsinə və qaçılmaz dünya müharibəsi təhlükəsinə səbəb ola biləcək hər hansı təkliflərə qarşı çıxacaq”, – Siyarto “Facebook”da videomüraciətində bildirib.

O vurğulayıb ki, NATO Ukraynada hərbi əməliyyatlara qoşulmamaq və Rusiya ilə birbaşa münaqişəyə yol verməmək barədə əvvəlki qərarına əməl etməlidir.

Xarici işlər naziri qeyd edib ki, Macarıstan hökuməti Ukraynadakı hərbi əməliyyatlara qarşıdır və onları pisləyir, lakin hər halda, bu, Macarıstan və ya NATO üçün müharibə deyil: “Biz iki ildən artıqdır ki, konsensus və yekdil səsvermə yolu ilə qəbul etdiyimiz ümumi qərarların qüvvədə qalmasını istəyirik. NATO Ukraynadakı müharibədə iştirak etmir və biz NATO-nun Rusiya ilə birbaşa münaqişənin qarşısını almaq üçün mümkün olan hər şeyi etməliyik, – Siyarto bildirib.