Xəbərlər

Azərbaycan COP30-da “Böyük Qayıdış” çərçivəsində “ağıllı” və “yaşıl” şəhərsalma modelini nümayiş etdirib

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasında (COP30) “Böyük Qayıdış” proqramı çərçivəsində azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı” və “yaşıl” şəhərsalma modelini nümayiş etdirib.

“Füyuzat” xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb.

Bildirilib ki, Komitənin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti COP30 çərçivəsində Braziliyanın Belem şəhərinə səfər edib. O, Şəhərsalma və İqlim Dəyişikliyi üzrə Nazirlər İclasında, həmçinin “Qeyri-rəsmi məskunlaşma, ərazilərin transformasiyası və mənzil təminatı” mövzusunda keçirilən dəyirmi masada çıxış edərək mənzil və iqlim çağırışlarının həllində çoxsəviyyəli əməkdaşlığın vacibliyini vurğulayıb.

Anar Quliyev çıxışında Azərbaycanın “Böyük Qayıdış” proqramı çərçivəsində azad edilmiş ərazilərdə “ağıllı” və “yaşıl” şəhərsalma prinsiplərinə əsaslanan bərpa işlərini beynəlxalq ictimaiyyətə təqdim edib. O, həmçinin Bakı Davamlılıq Koalisiyasının və BMT-nin “Hər Kəs üçün Münasib Mənzil” üzrə Hökumətlərarası İşçi Qrupunda Azərbaycanın həmsədrlik rolunun şəhərsalma və iqlim gündəliklərinin inteqrasiyasına mühüm töhfə verdiyini bildirib.

COP30 çərçivəsində keçirilən Şəhərsalma Günü münasibətilə təşkil olunan Nazirlər İclasında çıxış edən Komitə sədri Azərbaycanın COP29-a ev sahibliyinin çoxsəviyyəli iqlim əməkdaşlığına yeni impuls verdiyini diqqətə çatdırıb və Çoxsəviyyəli Fəaliyyət Yolları (MAP) təşəbbüsü ilə Bakı Davamlılıq Koalisiyasının bu istiqamətdə əhəmiyyətini vurğulayıb.

Səfər çərçivəsində Anar Quliyev Braziliyanın şəhərlər naziri Jader Filho ilə görüşərək dayanıqlı və inklüziv şəhər inkişafı sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib və Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) üzrə hazırlıqlar barədə məlumat verib.

Eyni zamanda, WUF13 üzrə milli koordinator olan Anar Quliyev COP30 çərçivəsindəki çıxış və görüşlər zamanı iştirakçıları Azərbaycanın COP29 təcrübəsinin və çoxsəviyyəli əməkdaşlıq gündəliyinin davamı olaraq Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunda iştirak etməyə dəvət edib. O, bu qlobal platformanın şəhərlərin gələcəyi, iqlim davamlılığı və innovativ şəhərsalma sahələrində müzakirələr üçün nadir bir fürsət yaradacağını vurğulayıb.