Xəbərlər

Dövlət Mahnı Teatrı repertuarını genişləndirir: kino musiqiləri yenidən təqdim olunur

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı yeni mövsümdə repertuarını genişləndirərək müxtəlif janr və üslubları bir araya gətirən layihələr üzərində çalışır. Teatrın növbəti təqdimatı isə Azərbaycan kino musiqisi irsinə həsr olunmuş xüsusi proqram çərçivəsində hazırlanıb.

“Füyuzat”ın məlumatına görə, layihə çərçivəsində görkəmli bəstəkar Xəyyam Mirzəzadənin “Bağ mövsümü” filmi üçün yazdığı “Gəzinti” əsəri Rəşid Behbudov adına Estrada Simfonik Orkestrinin ifasında yenidən təqdim olunub və Mahnı Teatrı tərəfindən videoçarx formatında izləyicilərə təqdim edilib.

Videoçarxın məqsədi Azərbaycan kino musiqilərini yenidən gündəmə gətirmək, onların səhnə həyatını gücləndirmək və bu irsi geniş auditoriyaya çatdırmaqdır. Teatr bu istiqamətdə silsilə layihələr üzərində işləyir və musiqi mədəniyyətinə yeni formatlarda töhfə verməyi hədəfləyir.

Dövlət Mahnı Teatrı Azərbaycan bəstəkarlarının yaradıcılığını modern təqdimatlarla geniş auditoriyaya çatdırmağı qarşıya məqsəd qoyaraq yeni layihələr üzərində işləməyə davam edir.