Qusar rayonunun Urva kənd tam orta ümumtəhsil məktəbində “Şagirdlər və şairlər” adlı tədbir keçirilib.
“Füyuzat” xəbər verir ki, tədbir məktəblərdə 25 noyabr – 25 dekabr aralığında keçirilən “Azərbaycan dili və ədəbiyyatı” fənn aylığı şərçivəsində gerçəkləşdirilib. Tədbirdə şagirdlərin və kollektiv üzvlərinin qonağı Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin üzvləri olub.
Tədbir öncəsi qonaqlar məktəblə, həmçinin Qarabağ savaşlarında şəhid olmuş Qusarlı döyüşçülərə aid stend, həmçinin məktəbin uğurlarını əks etdirən divar lövhələri ilə tanış olublar.
Qonaq qismində tədbirdə şair, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Ulduzlar” Ədəbi Məclisinin baş katibi Aqşin Dadaşoğlu, həmçinin eyni Məclisin üzvləri – şair, qiraətçi, müəllim Gözəl Azayeva, şairlər Cümşüd Aydəmir, İbrahim Ağçaylı, Ceyhun Ağabəyli, Mövlan Şahid və Səməd Asifoğlu iştirak edib. Eyni zamanda bloger Osman İmamov və Azərbaycan Respublikasının Əməkdar jurnalisti Azər Həsrət qonaqlar arasında olub.
Qonaqları və iştirakçıları salamlayan məktəbin direktoru Elçin Salmanov Azərbaycan dövlətinin sözə, ədəbiyyata verdiyi dəyərdən danışıb. O, əsas da dövlət dilinə qayğı, məktəblərdə bu yöndə görülən işlər haqqında fikirlərini paylaşıb.
Daha sonra tədbirin aparıcısı, məktəbin Azərbaycan dili və ədəbiyyatı üzrə fənn müəllimi Bəsti Başaratova maraqlı təqdimatlara başlayıb.
Əvvəlcə qonaqlar öz şeir ərməğanlarını təqdim ediblər. Müxtəlif janrlarda səsləndirilən şeirlər şagirdlərin və müəllimlərin marağına səbəb olub.
Aqşin Dadaşoğlu qonaqların adından maraqlı təşəbbüsə və dəvətə görə direktor Elçin Salmanov başda olmaqla məktəbin kollektivinə təşəkkür edib. O da digər şair həmkarları ilə bərabər öz şeirlərini təqdim edib. Şairin Azərbaycan tarixi, coğrafiyası, etnik palitrasını ustalıqla nəzmə çəkdiyi “Azadlıq” şeiri isə xüsusi maraqla qarşılanıb.
Azər Həsrət isə çıxışında məktəblilərin milli vətənpərvər ruhda yetişdirilməsində ədəbiyyatın rolundan danışıb. O, qeyd edib ki, uşaqların əsl vətənpərvərliyi onların öz dərslərini yaxşı oxuması, böyüklərinin və müəllimlərinin sözünə əmək etməsi ilə formalaşır.
Bundan sonra məktəbin şagirdləri Arina Əlimuradova, Fatimə Vəlibəyova, Fəzilə Rəşidova, Gülay Allahverdiyeva, Ləman Allahverdiyeva, Leyla Rəşidova, Milana Əliheydərova, Nərmin Kürəbəyova, Rövşən Əliverdiyev, Zenfira Əlimova və Zeynəb Mehmandarova Ramiz Qusarçaylının “Azərbaycan bayrağı” şeirini ifa edib. Eyni zamanda şagirdlərin ifasında musiqi parçaları səsləndirilib.
Sonda “Ulduzlar” Ədəbi Məclisinin baş katibi Aqşin Dadaşoğlu tədbirdə fəal iştirak edən şagirdlərə təşəkkürnamələr verib, qonaqlar öz kitablarını məktəbin kitabxanasına hədiyyə ediblər.
Tədbirin ardında iştirakçılar xatirə şəkli çəkdiriblər.






