Xəbərlər

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illiyi qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı mədəniyyət, incəsənət, media və idman sahəsində çalışan əməkdaşların sosial-iqtisadi hüquqlarının müdafiəsi istiqamətində 120 illik tarixi fəaliyyət yoluna malikdir. 1905-ci ildə “Çapçılar İttifaqı” kimi fəaliyyətə başlayan təşkilat ölkənin mədəni həyatında yaradıcı insanların sosial müdafiəsinin təmin olunmasında mühüm rol oynayıb.

“Füyuzat” xəbər verir ki, bu əlamətdar yubiley münasibətilə dekabrın 2-də “Həmkarlarla 120 il” adlı tədbir keçirilib. Tədbirdə təşkilatın əldə edilən nailiyyətlərə və gələcək fəaliyyət istiqamətlərinə nəzər salınıb.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılışda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov çıxış edərək Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) ölkədə əmək münasibətlərinin tənzimlənməsi və işçi hüquqlarının müdafiəsi sahəsindəki rolunu vurğulayıb.

Daha sonra tədbirdə Milli Məclisin sədrinin müavini Rafael Hüseynov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xalq yazıçısı Çingiz Abdullayev, həmçinin Qazaxıstan və Özbəkistan həmkar ittifaqlarının nümayəndələri çıxış edərək MİHİ-nin fəaliyyətinə dair fikirlərini bölüşüblər.

Yubiley çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və MİHİ-nin həyata keçirdiyi layihələr və yeniliklər barədə video-təqdimatlar nümayiş olunub. Tədbirin bədii hissəsində mədəniyyət və incəsənət nümayəndələrinin çıxışları təqdim edilib.

Tədbirin davamında əmək münasibətlərində sosial dialoqun inkişafına həsr olunmuş iki panel müzakirəsi keçirilib.

“İşçi ilə əməkdaşlıq” və “İşəgötürənlə əməkdaşlıq” mövzularında təşkil olunan panellərdə dövlət qurumlarının nümayəndələri, həmkarlar ittifaqları təmsilçiləri və özəl sektor rəhbərləri iştirak edərək əmək bazarının aktual məsələlərini, sosial tərəfdaşlıq imkanlarını və işçi rifahının artırılması istiqamətlərini müzakirə ediblər.

“Həmkarlarla 120 il” yubiley tədbiri Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının ölkə mədəniyyətinin inkişafında, işçi hüquqlarının müdafiəsində və həmkar həmrəyliyinin gücləndirilməsində oynadığı mühüm rolun bir daha təsdiqi kimi qiymətləndirilib.