İnsan çox zaman “son” kəlməsindən qorxur. Çünki o sözdə ayrılıq, yoxluq, bitiş var. Amma dünya bitişləri sevmir. O, sonsuz bir dövranın içində hər şeyi bir-birinə bağlayır. Bəzən bir şeyin sona çatması sadəcə başqa bir şeyin nəfəs almağa başlamasıdır.
Biz “son” dediyimiz anda, əslində, bir başlanğıcın içindəyik. Sadəcə o başlanğıc hələ görünmür. Dünyada heç nə itməz, yalnız dəyişər. Bir çiçək solar, amma onun toxumu torpaqda gələcək həyatın xəbərçisinə çevrilər.
Bir qapı bağlanar, səssizlik yaranar, amma o səssizliyin arxasında yeni bir səs doğular. Bir səhifə qapanar, amma qələm hələ tükənməyib, başqa bir hekayəni yazmaq üçün gözləyir.
Həyatda “xoşbəxt sonluq” deyilən anlayış da yoxdur. Çünki həyat dayanmaz, o, axardır. O xoşbəxt dediyimiz son, əslində, bir başlanğıcın pıçıltısıdır: yeni bir yolun, yeni bir ruhun, bəlkə də, fərqli bir “mən”in doğuluşudur. Biz o anlarda sadəcə bir az nəfəs alırıq, amma axından çıxmırıq. Çünki həyatın nəfəsi tükənməz. O yalnız formasını dəyişir: su kimi, külək kimi, işıq kimi.
Su buxarlanır, göyə qalxır, buluda çevrilir və yağış kimi geri qayıdır. Həyat da elədir: bir an səni alır, başqa bir an səni yenidən doğurur. Çünki dünyanın qanunu budur: heç nə bitmir, hər şey çevrilir.
Bəzən bir düşüncə ölür içimizdə, yerinə yenisi doğulur. Bir sevgi bitir, amma o bitiş bizə sevməyi daha dərindən öyrədir. Bəzən bir dostluq sönür, amma onun külündən daha möhkəm bir təkliyin gücü doğulur.
“Xoşbəxt son” anlayışını, bəlkə də, biz səhv başa düşürük. O nə bir filmin bitiş musiqisidir, nə də bir nağılın “və onlar xoşbəxt yaşadılar” cümləsi. O an sadəcə bir nəfəsdir, həyatın bizə “indi dayan, bax, buradasan” deməsidir.
Sonra yenə hər şey dəyişir, çevrilir. Çünki dünya bir kitab deyil, sonsuz bir nəfəsdir. Biz səhifələri qapadırıq, amma həyat yazmağa davam edir. Hər gedişdə bir dönüş, hər bitişdə bir başlanğıc, hər ayrılıqda bir görüş gizlənib. İnsanın işi sonlardan qorxmaq deyil, onları anlamaqdır. Çünki kim sonu anlasa, başlanğıcın dəyərini də bilər. Hər dönüş bir az daha kamil, bir az daha işıqlı, bir az daha anlayışlıdır. Dünyada son yoxdur, yalnız davam edən başlanğıclar var.



