Həştərxanda görkəmli Azərbaycan bəstəkarı, musiqişünas-alim və müasir Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş “Qəlbləri birləşdirən musiqi” təntənəli konsert böyük uğurla keçib.
“Füyuzat”ın məlumatınagörə, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən bildirilib.
Layihə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin, Həştərxan vilayəti hökuməti, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Rusiyadakı səfirliyi və “ABB-MOSKVA” Bankının dəstəyi ilə həyata keçirilib.
Azərbaycan aparıcı sənətçiləri Həştərxan Dövlət Opera və Balet Teatrının Simfonik Orkestrinin müşayiəti ilə Üzeyir Hacıbəyli, Niyazi, Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Çaykovski, Verdi, Puççini və digər Azərbaycan, rus və italyan klassiklərinin əsərlərini ifa ediblər.
Qeyd olunur ki, konsert Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Hacıbəylinin 140 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı çərçivəsində il ərzində Azərbaycan səfirliyi tərəfindən təşkil edilən mədəni tədbirlər silsiləsinin parlaq yekunu olub.
Səfirlik gözəl çıxışlarına görə Azərbaycanın Xalq artisti Samir Cəfərova, Əməkdar artistlər Ramil Qasımova, Elnarə Məmədovaya, Regina Rüstəmovaya və Həştərxan Dövlət Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru Valeri Voroninə dərin minnətdarlığını bildirib. Layihəyə göstərdikləri dəstəyə görə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinə, teatr direktoru Natalya Şaqovaya və teatrın yaradıcı heyətinə xüsusi təşəkkürlər bildirilib.



