Sən, ey gözümün nuru,
Ürəyimin qüruru…
Sən, ey canımın canı, qəlbimin iftixarı
Sən, ey ucadan uca, zirvələrin vüqarı…
Biri Qərb, biri Şimal… qoşa qalam Şahdağı,
Azərbaycan bayrağı!
Savalanlı, Talışlı, Salavatlı, – varımsan,
Qürurlu Babadağım, Kəpəzim, Qoşqarımsan.
Qapıcıq, – ordu yerim, ləşkərim, sərdarımsan,
İrəvana varan gün qorxudan çatlar yağı,
Azərbaycan bayrağı!
Şah nəğməm Xan Arazın, dəli Kürün səsidir,
Halal ruzi Muğanın, Milin müqəddəsidir.
Xəzərin gözəlliyi Tanrının müjdəsidir,
Adıntək çox uludur Vətənin pak torpağı
Azərbaycan bayrağı!
Gün gələr, Qarabağın ağ edərsən baxtını,
Qaytar öz qüdrətinə Xətainin taxtını!
Məğribdən Məşriqəcən dalğalanan vaxtını
Görüb sevincim olsun ömrümün ən xoş çağı,
Azərbaycan bayrağı!
Siması güldən gözəl, nur yağan camalın xoş,
Məqsədin-məramın xoş, ərkanın-kamalın xoş,
Əhdin düz, andın təmiz, yolun haqq, amalın xoş,
Ey dilimin, dinimi, xalqımın ruh dayağı,
Azərbaycan bayrağı!
Göyündə tarixlərin zəfər çələngi vardır,
Qırmızında qanımın zamanla cəngi vardır,
Yaşılında ruhumun təmizlik rəngi vardır,
Səkkizguşəli ulduz, hilaldır nur çırağı,
Azərbaycan bayrağı!
Uğrunda fəda getdi çox ərlər, çox ərənlər,
“Haqq məndədir!” – söyləyib
Haqqa yol göstərənlər,
Azadlığın naminə ölümə döş gərənlər
Əyilməzdi, məğrurdu, Rəsulzadə sayağı,
Azərbaycan bayrağı!
Səcdənə durdum sənin, etdim biət, – sənindir,
Dünyaya sülh hayqıran ən xoş niyyət sənindir!
Bir kərə yüksəlmisən, əbədiyyət sənindir,
Yüksəl, ucal, dalğalan, ey bayraqlar bayrağı,
Azərbaycan bayrağı!!!
Azərbaycan bayrağı!!!
Süleyman Abdulla



